Ötən il 60 minə yaxın əcnəbinin ölkədə yaşaması leqallaşdırılıb


13:55     14 Yanvar 2021 vusal%20huseynov.jpg


Ötən il Azərbaycanda daimi yaşamaq üçün icazələrin verilməsində 18 faizlik azalma müşahidə edilib.

Femida.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında deyib. O bildirib ki, 2019-cu ildə daimi yaşamaq üçün 2041 şəxsə icazə verilibsə, 2020-ci ildə 1669 şəxs belə icazə ilə təmin edilib.

“İcazələrdən 633-ü Gürcüstan vətəndaşlarına, 448-i Rusiya vətəndaşlarına, 112-si Türkiyə vətəndaşlarına, 88-i İran vətəndaşlarına, 65-i Türkmənistan vətəndaşlarına, 293-ü digər ölkələrin vətəndaşlarına verilib”.

V.Hüseynov, həmçinin qeyd edib ki, iş icazələrinin verilməsində 9 faiz azalma olub: “2019-cu ildə bu rəqəm 6680, 2020-ci ildə 6106 olub. Mövcud vəziyyət nəzərə alınarsa, bu azalma çox deyil. Bu dönəmdə sahibkarlıq fəaliyyətində müəyyən dinamikanın olmasının göstəricisidir”.

Xidmət rəisi bildirib ki, pandemiya dövründə heç bir əcnəbinin məcburi ölkədən çıxarılması tətbiq edilməyib. Ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59 963 nəfər olub.

“Gürcüstandan 25 385, Rusiyadan 23 583, Türkiyədən 3626, Ukraynadan 1736, Pakistandan 835 və digər ölkələrdən isə 4795 nəfərin ölkədə yaşaması leqallaşdırılıb”.

Açar sözlər:

Oxunub: 330