“Məsciddə donuz saxlayanla dostluq edənlər müsəlman deyil” - Komitə rəsmisi


16:56     16 Yanvar 2021 gunduz-ismayilov.jpg

Ermənilərin dini məbədlərimizi, Şuşadakı məscidlərimizi dağıtması, Yuxarı Gövhər Ağa Məscidinin təmir adı altında təhrif etməsi yeni məsələ deyil. Ermənilər işğal dövründən indiyədək bununla bağlı siyasətlərini məqsədyönlü şəkildə davam etdiriblər.

Bunu Azvision.az -a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, ermənilərin saxtakarlıq siyasəti 100 illik tarixdən öncəyə gedib çıxır.

"Ermənilər 1905-ci il, eləcə də 1918-ci il hadisələrində, Qarabağ müharibəsi dövründə məbədlərimizi dağıdıblar. Ermənistanın bu siyasətinin əsas aparıcı, ilhamverici qüvvəsi erməni Qriqoryan kilsəsi olub. Bunlar kilsə, din nümayəndəsi, ruhani şəxslər olmasına baxmayaraq, dini sənədlərin dağıdılmasına etirazını bildirməyib. İslamafobiya təkcə Ermənistanın, daşnak ermənilərin deyil, həm də Qriqoryan kilsəsinin mahiyyətidir. Ermənilərdən tarixən bunu görmüşük, onların belə hərəkəti təəccüb doğurmur. Təəccüb və təssüf doğuran Qriqoryan kilsəsinin apardığı məkrli siyasətə özünü müsəlman adlandıran, özünü İslam dininin nümayəndəsi adlandıran şəxslər qoşulub. Yuxarı Gövhər Ağa Məscidinin təmirini ermənilərin hansı niyyətlə etdiklərini bilirdik. Təəssüf ki, etirazlara, Azərbaycanın mövqeyinə baxmayaraq, dırnaqarası müsəlmanlar bu prosesdə iştirak etdi, ermənilərin siyasətinin tərkib hissəsinə çevrildilər".

G.İsmayılov qeyd edib ki, erməni Yuxarı Gövhər Ağa Məscidini təmir etməklə guya müsəlmanlarla problemləri olmadıqlarını demək istəyirdilər: "Şuşa məscidləri və digərləri Prezident İlham Əliyevin dediyi kimi təmir olunacaq. Sevindirici və təqdirəlayiq hal odur ki, Heydər Əliyev Fondu prosesləri öz himayəsinə götürüb. Əminəm ki, o məscidlər əvvəlkindən daha yaxşı görkəm alacaq. Ölkə başçısının qeyd etdiyi kimi, məscidlərdə donuz və inək saxlayanlar müsəlmanlarla dost ola bilməz. Kimlərsə məscidlərdə donuz, inək saxlayanla dostluq edirsə, ya o müsəlman deyil, ya da onun ümumiyyətlə dindən anlayışı yoxdur".

Qeyd edək ki, Prezident İlham Əliyev Şuşaya səfəri zamanı düşmənin azad edilmiş torpaqlardakı dini abidələri işğal dövründə məhv etdiyini, 67 məscidi dağıtdıqlarını, yaxud yararsız vəziyyətə qoyduqlarını bildirib: "Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik".

Femida.az

Açar sözlər:

Oxunub: 324


Oxşar xəbərlər