“Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq


14:54     18 Yanvar 2021 2021/01/1610966491814_rD420TlH_1610967314.jpeg

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formada ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, iclasda komitə sədri Bəxtiyar Əliyev 2020-ci ilin payız sessiyası ərzində görülən işlərin hesabatını təqdim edib.

Qeyd olunub ki, hesabat dövründə komitənin 13 iclası keçirilib və 26 məsələ müzakirə edilib.

Bəxtiyar Əliyev hesabat dövründə vətəndaşlardan komitəyə 328 ərizə, məktub və müraciətin daxil olduğunu bildirib. Vətəndaşların qeyd etdiyi problemlərlə bağlı müraciətlər komitə sədri tərəfindən aidiyyəti qurumlara ünvanlanıb.

Bəxtiyar Əliyev ötən ilin avqustunda təhsil naziri Emin Əmrullayevin iştirakı ilə komitə üzvlərinin videoformatda görüşünün keçirildiyini, COVID-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına və yeni dərs ilinə hazırlıqla bağlı məsələlərin geniş müzakirə edildiyini vurğulayıb.

Hesabat məqbul hesab edilib.

Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunverilik işləri planı müzakirə edilib. Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri İsa Həbibbəyli, Musa Qasımlı, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev, Ülviyyə Ağayeva və Şahin Seyidzadə iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 246