“Azəriqaz”: “Məcburi köçkünlərin borcu hələ də ödənilməyib”


15:53     18 Yanvar 2021 qaz7.jpg

Məcburi köçkünlərin təbii qazdan istifadə nəticəsində yaranan borclarının məbləği olduğu kimi qalır.

Bunu Femida.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, borcla bağlı ödəniş olunmayıb.

"Rəsmi olaraq məsələ ilə əlaqədar "Azəriqaz" İstehsalat Birliyi adından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məktub ünvanlamışıq. Komitə də öz növbəsində Nazirlər Kabinetinə müraciət edib. Hələki bizə bu barədə cavab gəlməyib. Borc olduğu kimi qalır".

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 8772 məcburi köçkün ailəsi üzrə dövlətin ayırdığı limitdən (hər bir ailə üzvünə aylıq 35 kubmetr) artıq istifadə olunmuş təbii qazın dəyərinin ödənilməməsi nəticəsində 24.11.2020-ci il tarixinə 9 560 769 manat məbləğində borc yarandığını açıqlayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, kompakt şəraitdə müvəqqəti məskunlaşmış, fərdi qaydada təbii qazla təmin olunmayan obyektlərdə yaşayan 7189 məcburi köçkün ailəsinin müəyyən olunmuş limit üzrə istehlak etdiyi təbii qazın dəyəri qurum tərəfindən hər ay vaxtında və tam şəkildə “Azəriqaz”a ödənilir.

Yuxarıda göstərilən borc məbləği 2010-cu il yanvarın 1-dən 24 noyabr 2020-ci ilə qədər dövrdə məcburi köçkünlərin təbii qazdan müəyyənləşdirilmiş limitdən artıq istehlak etməsi nəticəsində yaranıb. Məcburi köçkünlərin müəyyən olunmuş limitdən artıq istehlak etdiyi təbii qazın ödənilməsi üçün Dövlət Komitəsinə büdcə vəsaitinin ayrılması nəzərdə tutulmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 354