“Jurnalistlər binası”ndan verilən 20 mənzil geri alınacaq - SİYAHI


15:11     19 Yanvar 2021 21_01_19_1611052286.jpg

Prezidentin göstərişi ilə jurnalistlər üçün tikilən binada mənzil bölgüsündə ciddi qanun pozuntularına yol verildiyi sübut olunub.



Femida.az -ın "Bakupost.az"a istinadla məlumatına görə, ötən ilin iyulundan başlayan araşdırma artıq yekunlaşıb.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqa ikinci binadan ev alan əksər jurnalistlər cəlb edilib, onların izahatları alınıb. Hətta bəzi jurnalistlər bir neçə dəfə dindirilib.

Araşdırma nəticəsində məlum olub ki, mənzil verilən 20 nəfər “Jurnalistlər binası”ndan ev almaq üçün müəyyənləşmiş tələblərə uyğun deyil. Bəzilərinin fəaliyyəti orada qoyulan tələblərə cavab vermir, bəzilərinin isə təqdim etdiyi sənədlər saxtadır.

Məsələ ilə bağlı sənədlər toplanıb və aidiyyəti qurumlara təqdim olunub. Saxta yolla əldə edilən mənzillərin geri alınacağı gözlənilir.

Məlumat üçün bildirək ki, qaydaya görə mənzil almaq istəyən jurnalist ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilərdi.

Şərtlərə əsasən, televiziya və radio yayımçılarının 10, gündəlik qəzetlər və informasiya agentliklərinin 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytların isə 3 namizəd müəyyənləşdirə bilmək imkanı vardı.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz üç il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməli idi.

Adları Mətbuat Şurasının “qara siyahı”sına daxil edilən, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzdilər.

Açar sözlər:

Oxunub: 295


Oxşar xəbərlər