22 şəhidi, 28 yaralını mühasirədən çıxardı, 10 ermənini snayperlə öldürdü - REPORTAJ


09:56     23 Yanvar 2021 21_01_23_1611345679.jpg

Uzunömürlülər diyarı kimi tanınan Lerik rayonunun ölümsüz qəhrəmanlarından biridir şəhid Elqaş Əliyev.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, o, 1999-cu ildə Bırkandul kəndində dünyaya gəlib.

18 yaşında həqiqi hərbi xidmətə çağırılan Elqaş xidmətdə olduğu hissədə bacarığı, çalışqanlığı və cəsurluğu ilə seçilməyi bacarıb.

Şəhidin atası Barat Əliyev sözlərinə görə, o, uşaqlıqda sakit təbiətli, sözəbaxan biri olub: “22 yaşa kimi mən ondan bir şikayət görməmişəm. Orta məktəbdə oxuyanda, hərbidə də olanda mənə təşəkkür gəlib onun haqqında. Mən də öz övladımla fəxr edirəm. Vətən sağ olsun!”

Bakıda müddətdən artıq həqiqi hərbi xidmətdə ikən Elqaşa bir neçə dəfə məzuniyyət verilsə də, xüsusi karantin rejiminə görə ailəsinin yanına gedə bilməyib. Anası Sədaqət Fərəcovanın onu görmək istədiyini bilən Elqaş “darıxma, mən qələbə ilə gələcəyəm” deyib: “Hər gün mənimlə danışanda deyərdim, özünü gözlə bala, mənə yazığın gəlsin. Deyərdi ki, ana, burada sənin oğlun kimi nə qədər oğul var. Onların hərəsinin anası var. Sən də fəxr elə mənimlə, mən Qarabağı alıb gələrəm”.

Vətən Müharibəsi başlamamışdan bir neçə gün əvvəl döyüş bölgəsinə könüllü olaraq yollanıb Elqaş. Qardaşı Eldin deyir ki, Elqaş Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə canından keçməyə hazır olduğunu sübut edib və şücaətləri ilə yadda qalıb: “Onun dostları, bir yerdə xidmət apardığı uşaqlar mənimlə danışır, deyir ki, Elqaş 14 əsgərlə düşüb səngərə, bütün dostlarının silahı qurtarıb, heç nə qalmayıb. Erməni gəlib, Elqaş qapının arxasında gizlənib, erməni onların üstünə hücum eləyəndə Elqaş öz avtomatının qundağı ilə onun başına vurub, onu yerə sərib. Elqaş onların Kalaşnikov pulemyotu ilə erməniləri öldürüb, 14 əsgəri xilas edib. Sonra döyüş gedə-gedə 22 şəhidimizi, 28 yaralımızı mühasirədən çıxarıb, 10 ermənini snayper gülləsi ilə təkbaşına vurub. Harada şəhid, yaralı olurdu, Elqaş deyirdi ki, birinci mən çıxaracağam”.
Dediyini də edib, yaralanmış rabitə komandirini minalanmış ərazidən çiynində çıxardıb. Cəmi 22 yaşı olmasına baxmayaraq, yaşca böyük olan döyüş yoldaşları qorxu nədir bilməyən qəhrəmanın məsləhətlərinə qulaq asır, tapşırıqlarına tabe olurdular.

Şəhidin qardaşı deyir ki, yoldaşları onun qəhrəmanlığından ağzıdolusu danışırlar: “Onun yoldaşları danışır ki, Elqaş elə bir döyüşçü idi ki, hər silahdan istifadə edirdi. Snayper əlinə gəlirdi, snayperlə işləyirdi, top gəlirdi, topla işləyirdi, nə gəlirdisə. Qorxmurdu da, qorxu yox idi. Biz ona deyirdik ki, başını qaldırma, ehtiyatlı ol. Deyirdi ki, mən bura niyə gəlmişəm? Döyüşməyə, Vətənimi qorumağa gəlmişəm. Çox qeyrətli uşaq idi, mənə də arxa-dayaq idi. Yəni mən ondan yaşda böyüyəm, amma bütün məsləhətləri ondan alırdım, çox savadlı uşaq idi”.

Haqq savaşımızın şanlı tarixinə adını böyük hərflərlə yazdıran Elqaş Əliyev 2020-ci il noyabrın 3-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində düşmənin minomyot mərmisindən şəhid olub.

Prezidentin sərəncamı ilə şəhid əsgər Elqaş Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.





Açar sözlər:

Oxunub: 862