Baş prokuror: “Qarabağ Dirçəliş Fondu”nun yaradılması “Böyük Qayıdış”ın rəmzidir


11:04     25 Yanvar 2021 2021/01/kamran_esas_1611558680.jpeg

Baş Prokurorluğun Kollegiya üzvləri əvvəlcə binanın birinci mərtəbəsində Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İclas başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, qazilərimizə şəfa dilənib.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər səlnaməsinin memarı, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, 44 günlük haqq savaşında qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bir daha bütün dünyaya nümayiş etdirib.

Qeyd edilib ki, dövlət başçısının aparıcı ölkələrin televiziya kanallarına verdiyi müsahibələri Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin, hərbi təxribatlarının ifşası və beynəlxalq müstəvidə məsələyə münasibətin araşdırılması, tarixi, hüquqi-siyasi aspektlərinin təhlili baxımından xüsusi əhəmiyyət kəsb etməklə informasiya cəbhəsində də qələbəmizi şərtləndirib.

Döyüş meydanında qazanılmış qələbənin diplomatik müstəvidə davam etdirilməsi ilə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Zəfərin təntənəsi olaraq ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə və digər azad olunmuş rayonlara səfərləri, orada üçrəngli Azərbaycan bayrağının ucaldılması, Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda beynəlxalq hava limanının təməlinin qoyulması, həmin bölgələrdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilib.

Xüsusi vurğulanıb ki, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin ailələri, müharibə əlilləri və onların ailə üzvləri ali dövlət qayğısı ilə əhatə olunmaqla maddi-sosial problemlərinin aradan qaldırılması istiqamətində yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” fondunun yaradılması müstəsna əhəmiyyətə malik olub.

2020-ci ildə yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklərə və iqtisadi məhdudiyyətlərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlətçilik siyasəti və səriştəli idarəetmə qabiliyyəti nəticəsində ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılmış, iqtisadi təhlükəsizliyin və əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılmış, regionda sabitliyə və dünyanın enerji təhlükəsizliyinə tövhə verəcək “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Avropa ölkələrinə tədarükü ölkəmizin geostrateji mövqeyini daha da gücləndirib.

Həyata keçirilən islahatların mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirildiyi, o cümlədən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsinin əldə edilmiş uğurların bariz göstəricisi olması qeyd edilib.

Bildirilib ki, çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşdığı bir zamanda ölkə başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə pandemiyanın fəsadları minimuma endirilməklə sosial cəhətdən həssas əhaliyə davamlı dəstək və iqtisadi dayanıqlılığ təmin edilmiş, həmçinin mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulması, virusun geniş yayılmasının qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri tədbirlər görülüb.

Ölkə başçısının rəhbərliyi ilə görülən işlər, milli mənafeyimizin ən yüksək səviyyədə qorunmaqla dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, etibarlı sosial rifaha, tərəqqiyə və firavan gələcəyə yönəlmiş fəaliyyəti xalqımız tərəfindən daim dəstəklənib.

Uğurla yola saldığımız ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirinin-fevral ayında azad, ədalətli və şəffaf parlament seçkilərinin keçirilməsini diqqətə çatdıran Baş prokuror xalqımızın özünü təsdiq etmiş iqtisadi və sosial kursun davam etməsinə ümummilli etimad və dəstəyini ifadə etdiyini qeyd edib.

Xüsusi vurğulanıb ki, ölkəmizin həm regional, həm də dünya miqyasında artan rolunun və bilavasitə, Prezident İlham Əliyevə göstərilən yüksək diqqətin və hörmətin bariz nümunəsi olaraq Qoşulmama Hərəkatının sədri statusunda təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın “Böyük iyirmiliyin” (G-20) üzvü olan ölkələrin sammitinə dəvət olunması aparılan siyasi kursun alternativsizliyini bir daha nümayiş etdirib.

Femida.az

Açar sözlər: #başprokuror  

Oxunub: 594