Azərbaycanda 8 mindən çox şəxs azadlığa buraxılıb


12:08     25 Yanvar 2021 21_01_25_1611562880.jpg


"Ötən il Ədliyyə Nazirliyində cəzaların icrası ilə bağlı mühüm tədbirlər görülüb. Bütün məhkum olunmuş şəxslərin hüquqlarının qorunması üçün işlər aparılıb. Koronavirusun yayılması ilə bağlı monitorinq qrupu daim fəaliyyət göstərib, müəssisələrə baş çəkib, məhkumların saxlanma şəraiti, tibbi ləvazimatla təminatı, qida təminatı ilə bağlı məsələlər həll olunub".

Femida.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

O bildirib ki, qanunla müəyyən edilmiş penitensiar və probasiya xidmətləri tərəfindən 1884 məhkum barədə sənədlər məhkəmələrə göndərilib ki, bunun da 91%-nə baxılıb.

Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı Qanunun icrası çərçivəsində penitensiar və probasiya xidmətləri üzrə 334 nəfər cəzadan tamamilə azad edilib, 591 nəfərin cəza müddəti azaldılıb. Onlardan azadlığa buraxılanlar 8 ayrı ölkə vətəndaşı, 12-i qadın, 2-i yetkinlik yaşına çatmayan, 269-u isə hərbi cinayətləri törədən şəxslər olub.

"Cəzadan azad edilmiş məhkumlar tərəfindən qanunun icrası nəticəsində 115 min manat dövlətə və vətəndaşlara ziyan ödənilib. Penitensiar Xidmətdə yaradılan komissiya pandemiya şəraitinə baxmayaraq, işini davam etdirib. Ötən il komissiyada baxıldıqdan sonra 2072 nəfər şərti olaraq, eyni zamanda həkim-ekspert komissiyası tərəfindən ağır xəstəliyə görə 10 nəfər azadlığa buraxılıb. Pandemiya dövrünü nəzərə alaraq ötən ilin sonuna kimi istintaq təcridxanalarında olan 906 şəxsin həbs imkanı qətiimkan tədbiri ilə dəyişdirilərək azadlığa buraxılıb", - deyə rəis qeyd edib.

Malik Ələkbərov bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar yaşı 65 yaşdan yuxarı olan 176 nəfər əfv sərəncamı ilə azad edilib. Onların evlərinə getməzdən əvvəl test nümunələrindən keçməsi və yaşayış yerlərinə qədər aparılması nazirlik tərəfindən təmin edilib. Əfv olunan şəxslərdən iki nəfəri ömürlük cəza çəkən olub. Ümumilikdə son illərdə cəza siyasətinin humaistləşdirilməsi nəticəsində 8149 nəfər əfv sərəncamı ilə azadlığa buraxılıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #məhkum   #cəza  

Oxunub: 2111