138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib - 10 cinayət işi açılıb


13:26     25 Yanvar 2021 2020/09/imza_esas_1599472771.jpg


Ötən il 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Qanun pozuntusuna yol vermiş bələdiyyələrlə bağlı 10 cinayət işi başlanılıb.

Femida.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında Nazirliyin Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov bildirib.

O, qeyd edib ki, ötən il bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib:

"Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokola isə baxılmaqdadır.

İnzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq mühafizə orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır.

Əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqları ilə bağlı mövcud vəziyyətin müəyyənləşdirilməsi məqsədilə məlumatlar toplanılaraq təhlil edilib. Məlum olub ki, bir çox hallarda əvvəlki illərdə müəyyənləşdirilmiş icarə haqlarının mövcud bazar qiymətlərindən dəfələrlə aşağı olmasına baxmayaraq bələdiyyələr tərəfindən qiymətlərin uyğunlaşdırılması üçün qanunamüvafiq tədbirlər demək olar ki görülməyib".

"Bələdiyyələrin debitor və kreditor borcları barədə sorğu əsasında toplanmış məlumatların təhlili göstərir ki, bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcları (əsasən əmək haqqı, sosial sığorta ayırmaları üzrə) var. Bələdiyyələrin əksəriyyəti tərəfindən debitor borcların həlli istiqamətində ardıcıl təsirli tədbirlər görülmür, pul tələblərinə dair icrası məcburi aktların qəbul edilərək icraya yönəldilməsi səlahiyyətlərindən istifadə edilmir", - deyə idarə rəisi qeyd edib.

Femida.az

Açar sözlər: #ədliyyə   #bələdiyyə  

Oxunub: 2807