Samir Nuriyevin sədrliyi ilə Qərargah yaradıldı - İşçi Qrupun iclası keçirildi


10:48     29 Yanvar 2021 2021/01/16001-1611900203_1611904215.jpg

İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın nəzdində müxtəlif İşçi qruplardan ibarət İdarələrarası Mərkəz fəaliyyət göstərir.

Femida.az xəbər verir ki, həmin qruplardan biri olan Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə İşçi Qrupun əsas fəaliyyət istiqaməti işğaldan azad edilmiş ərazilərdə mədəni sərvətlərin hazırkı vəziyyətinin müəyyənləşdirilməsi, vurulmuş zərərin qiymətləndirilməsi, onların təsnifatının aparılması, habelə müvafiq qaydada bərpa işlərinin və mühafizənin təşkilidir.


Nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sədrliyi ilə İşçi Qrupun iclası keçirilib. İclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsinin bərpası, mədəniyyət və dini abidələrin şəhərsalma qaydaları nəzərə alınmaqla yenidən qurulması, onların etibarlı mühafizəsinin təşkili gündəlikdə duran əsas məsələlərdir.

İclasda Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində ardıcıl mədəni tədbirlərin keçirilməsi, xüsusilə Vaqifin poeziya günlərinin və “Xarı bülbül” festivalının təşkili ilə bağlı məsələlər də nəzərdən keçirilib.

İşçi qrupun üzvü olan dövlət qurumlarının rəhbərləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan işlər barədə məlumat verib, bir sıra əlavə təkliflər səsləndiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 678