“Maaşa dolanan vətəndaş olaraq...” - Millət vəkili manatdan danışdı


15:42     22 Dekabr 2015 manat3.jpg

“Mən maaşa dolanan bir vətəndaş olaraq bundan narahatammı? Bəli, narahatam. Təkcə özüm və yaxınlarım üçün deyil, həm də seçicilərim üçün narahatam”.


Bu sözləri millət vəkili Sahib Alıyev şəxsi “facebook” hesabı vasitəsilə paylaşdığı statusda vurğulayıb.

Millət vəkili statusda aşağıdakıları qeyd edib:

“Manatın dəyərdən düşməsi, yaxşı haldırmı, yox. Mən maaşa dolanan bir vətəndaş olaraq bundan narahatammı? Bəli, narahatam. Təkcə özüm və yaxınlarım üçün deyil, həm də seçicilərim üçün narahatam. Ancaq bilirəm ki, bu qaçılmaz idi. Bizim qonşularımız üzən məzənnə kursuna çoxdan getmişdilər. Valyutası bir ildə 250%-ə qədər dəyər itirən Ukraynanı demirəm, Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun da bildirdiyi kimi son illərdə İran rialı 120% , Qazaxıstan təngəsi 108%, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşmüşdü. Neftin bir ilin içində 3 dəfə ucuzlaşması, üstəlik bizim əsas ticarət tərəfdaşlarımızın valyutalarının dəyərdən düşməsi reallığında ya biz bütün strateji ehtiyatlarımızı tükədərək sonra daha pis vəziyyətə düşməli, ya da indi atılan addımı atmalıydıq.

Fəqət elə bu gün Prezident İlham Əliyevin ərazi bütövlüyümüzün, müstəqilliyimizin, konstitusiya quruluşumuzun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün özünün ehtiyat fondundan 10 milyon manat ayırması ondan xəbər verir ki, dövlət manatın devalvasiyasından sonra prosesləri başlı-başına buraxmayacaq. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da vurğuladığı kimi İlk növbədə çalışılacaq ki, bu, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün mümkün qədər ağrısız keçsin”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3168


Oxşar xəbərlər