DYP-dən nasaz avtomobillərlə bağlı müraciət


18:20     02 Fevral 2021 trend_dyp_main.jpg

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinin istismarı ilə bağlı avtomobil sahiblərinə və sürücülərə müraciət edib.

İdarədən Femida.az-a daxil olan müraciətdə bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikada tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi xidmət sahələrinin və ibtidai təhsil müəssisələrinin fəaliyyətə başlaması ilə əlaqədar paytaxt küçələrində nəqliyyat sıxlığının yaranması müşahidə olunur.

Aparılmış təhlillər zamanı müəyyənləşdirilib ki, ayrı-ayrı yerlərdə nəqliyyat sıxlıqlarının yaranmasına səbəb təkcə avtomobil sayının artması deyil, intensiv hərəkət zamanı müxtəlif texniki nasazlıqlara görə yolun hərəkət hissəsində mühərriki sönüb qalmış avtomobillərdir.

Belə halların baş verməməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin texniki sazlığına cavabdeh şəxsləri istifadələrində olan nəqliyyat vasitələrinə vaxtlı-vaxtında texniki qulluq göstərməyə çağırır. Eyni zamanda nasaz avtomobillərlə yola çıxaraq digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə törədən sürücülər haqqında qanunvericiliyin tələblərinə uyğun qaydada ciddi cəza tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq edir.

Açar sözlər:

Oxunub: 704