Hansı marketlər qiyməti qaldırdı? VİDEO REPORTAJ


19:04     22 Dekabr 2015 3femida6.JPG

Dünəndən etibarən manatın məzənnəsindəki dəyişiklik insanlar arasında ciddi narahtlığa səbəb olub. Bu hal özünü daha çox qida sektorunda göstərib.

Belə ki, dünəndən etibarən iri super marketlərdə və bazarlarda alıcı sıxlığı müşaiət olunub.


Femida.az -ın əməkdaşları vəziyyəti araşdırmaq məqsədi ilə bir neçə ərzaq mağazalarında olub. İlk baş çəkdiyimiz məkan Neptun mağazalar şəbəkəsinin 28 may filialı oldu. Müşahidələrimiz zamanı alıcıların hələ ki, narazı olmadığının şahidi olduq. Yalnız yumurtanın qiymətində müəyyən artımın olduğunu qeyd etdilər.

Mağazanın meneceri Femida.az-a açıqlamasında qiymətlərlə bağlı bunları dedi:

“Bizim mağazalarda qiymət artımı müşahidə olunmur. Biz köhnə qiymətə aldığımız ərzaqları elə köhnə qiymətə də, satırıq. Çalışırıq ki, bayramqabağı insanlar razı qalsınlar. Əlimizdə ərzaqlar məhdud sayda olsa da biz müştərilərin ərzaq almasına mane olmuruq. İki gündür ki, firmalar bizə ərzaq satışını dayandırıb. Yəqin ki, bu qiymətlərlə bağlıdır. Biz bunun qarşısını almaq məqsədilə yeni il ərəfəsində kampaniyalara start vermişik.”



Növbəti olduğumuz mağazalar şəbəkəsi “Bazar Store”-un 28 Mallda yerləşən filialı oldu. Super marketdən bizə çəkiliş aparılmasına və hər hansı alıcıdan münasibət öyrənilməsinə icazə verilmədi. Hətta, mağazanın əməkdaşlarından biri bizə hücum edib, kameranı sındıracağı ilə hədələdi. Onların mətbuat işçilərinin mağazaya buraxmamağının səbəbini alıcılar açıqladı. Şəhər sakininin sözlərinə görə, mağaza işçilərinin jurnalistləri oraya buraxmamasına səbəb, dünəndən etibarən qiymətlərin artması ilə bağlı olduğunu dedilər. Mağazadan çıxan alıcılar isə qiymətlərin kəskin bahalaşmasından və burada onlara ərzağın məhdud sayda alınmasına icazə verildiyini dedilər. Şəhər sakinlərinin sözlərinə görə, bahalaşma daha çox yumurta, yağ və bu kimi ərzaq məhsullarında hiss olunur.



Digər alıcının dediyinə görə, sözügedən mağazada qiymətlə bağlı aldadılıb. Onun sözlərinə görə, aldığı yağın qiyməti satış rəfində 12 manat olduğu halda, kassada 30 manat kimi göstərilib. Səbəbini soruşduqda isə, mağazadan ona bildiriblər ki, orada olan qiymət yalnız yarım kiloqram üçün nəzərdə tutulub. Müşahidə apardığımız zaman, sakinlərin əksəriyyəti qiymət artımının müşahidə olunduğunu və bundan ciddi narazılıq keçirdiklərini bildirdilər. İri marketlərdə olduğu kimi, kiçik ərzaq mağazalarında da, müşahidələr apardıq.

“Sevimli Dad” mağazalar şəbəkəsinin 28 May küçəsində yerləşən filialında müşahidələr zamanı gördük ki, burada qiymət artımı hiss edilmir. Mağazanın menecerinin sözlərinə görə, dolların qalxması ilə əlaqədar olaraq, onlarda hər hansı bir artım hiss olunmur. Həmçinin, firmalardan onlara ərzaq verilişinə hələki, məhdudiyyət yoxdur. Şəhərdə apardığımız ümumi sorğuda da, insanların fikirləri fərqli oldu.
Mövzu ilə apardığımız araşdırmanı daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz.






Miri Məcidli
Şahverdi Şirinli
Femida.az


Açar sözlər:

Oxunub: 6529