Vətəndaş vəkilə ödədiyi pulu geri tələb edə bilərmi? - HÜQUQİ ŞƏRH


09:35     06 Fevral 2021 2021/02/vekil-pul_1612589974.jpg

Bəzi hallarda vətəndaşlar məhkəmə proseslərində müsbət nəticə əldə edə bilmədikdə vəkilə ödənilən xidmət haqqını geri tələb edirlər. Nəticədə vəkillə vətəndaş arasında narazılıq yaranır. Bəs qanunla vətəndaşın belə bir tələb irəli sürmək hüququ varmı?


Vəkil Roman Qaraşov e-huquq.az-a açıqlamasında bildirib ki, vətəndaşın ödənilən pulu geri almaq barədə tələbi əsassızdır. Çünki göstərilən hüquqi yardımla bağlı vəkillə vətəndaş arasında əvvəlcədən müqavilə imzalanır: “Bu müqavilədə vəkilə ödənilən vəsaitin geri alınması nəzərdə tutulmur. Bununla bağlı birbaşa qeyd var ki, heç bir halda həmin vəsait geri ödənilə bilməz. Həmin müqavilə vətəndaşın hüquqlarının qorunması ilə bağlı olur və işin nəticəsinə dair hər hansı bir zəmanət də verilmir. Ümumiyyətlə, etik davranış qaydalarına uyğun olaraq, vəkil tərəfindən heç bir işin nəticəsi barədə qəti fikir deyilə bilməz. Sadəcə işin perspektivi müəyyən edilə bilər. Bəzən perspektivsiz işlər olur ki, təcrübəli vəkil bunu əvvəlcədən müəyyən edə bilir və açıq-aşkar perspektivsiz görünən işlərin götürülməsi o qədər də məqsədəuyğun hesab edilmir. Amma təbii ki, bu cür işlərlə bağlı müqavilələrin bağlanmasına da hər hansı bir məhdudiyyət qoyulmur”.

Vəkil bildirib ki, imzalanan müqavilədə həm vəkilin, həm də müdafiə etdiyi şəxsin hüquq və vəzifələri qeyd olunur. Vəkil müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Əgər o, öz vəzifəsini layiqincə yerinə yetirmirsə, vətəndaş bu halda ödədiyi məbləği geri tələb edə bilər.

“Bəzi hallarda zaman ötürmək, müqavilənin icrasını gecikdirmək üçün və digər səbəblərdən məhkəmələrdə iddialar qaldırılır, hansı ki onların perspektivi onsuz da yoxdur. Lakin vətəndaş yenə də o müqavilələri səmərəli hesab edir. Ümumiyyətlə, müqavilə bağlanan zaman vətəndaşa izah edilməlidir ki, vəsait işin nəticəsinə görə yox, onun hüquqlarının qorunmasına görə ödənilir. Vəkil müqaviləyə əsasən məhkəmə prosesində iştirak etməli, müvafiq sənədləri tərtib etməli, bir sözlə, üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməlidir. Qeyd olunanların həyata keçirilməməsi artıq vətəndaşın hüquqlarının pozulması deməkdir və bu halda o ödənilən vəsaiti geri tələb edə bilər”, - deyə o qeyd edib.

R.Qaraşovun sözlərinə görə, bir çox hallarda ödənilən vəsaitin müqavilədə öz əksini tapmaması kimi hallar da yaşanır: "Yəni müqavilədənkənar ödənişlər də edilir. Bu zaman vətəndaş müqavilədə göstəriləndən daha artıq vəsait ödədiyini sübut etməlidir".

Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Şahmar Məmmədov bildirib ki, vəkilin işin nəticəsi barədə əvvəlcədən vəd verməsi intizam pozuntusudur. Ona görə də vətəndaş işin nəticəsinə görə yox, vəkilin göstərdiyi xidmətə görə ödəniş etdiyini bilməlidir.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, göstərilən hüquqi yardıma görə müqavilənin bağlanma qaydası müəyyən olunub. Vəkil və ona müraciət edən şəxs arasında hüquqi yardımla bağlı məsələlər müqavilə ilə tənzimlənir. Burada işin nəticəsindən asılı olmayaraq, ödənilən vəsaitin vəkildən geri alınması nəzərdə tutulmur. Eyni zamanda “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə qeyd olunur ki, vəkil işin nəticəsi barədə vəd verə bilməz. O, sadəcə işin perspektivi, gələcək ehtimallar barədə məlumat verə bilər. Vəkilin işin nəticəsi barədə vəd verməsi intizam pozuntusu kimi qiymətləndirilir. Vəkilin vəzifəsi keyfiyyətli hüquqi yardım göstərməkdir. Əgər vəkil qanunla üzərinə düşən vəzifələri yerinə yetirib və lazımi hüquqi yardımı göstəribsə, həmin vəsait ondan geri tələb edilə bilməz. Yəni vəkilə işin nəticəsinə görə yox, göstərdiyi hüquqi xidmətə görə pul ödənilir”, - deyə o bildirib.

İntizam Komissiyasına bununla bağlı şikayətlərin daxil olub-olmamasına gəlincə isə, Ş.Məmmədov komissiyanın vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul etmək səlahiyyəti olmadığını deyib: “Biz vəkilin intizam pozuntusuna yol verib-vermədiyini araşdırırıq. Bəzən olur ki, vəkil lazım olan sənədləri vaxtında məhkəməyə təqdim etmir və yaxud proseslərdə iştirak etmir. Bu kimi hallar olduqda məsələ araşdırılır. Lakin ödənilən məbləğin geri qaytarılması ilə bağlı İntizam Komissiyasının hər hansı qərar qəbul etmək səlahiyyəti yoxdur. Komissiya burada intizam pozuntusunun olub-olmadığı barədə rəy verə bilər”.

Vəkil Ceyhun Yusifov da bildirib ki, belə problemlərin yaşanmaması üçün müqavilə imzalanarkən vəsaitin vəkilin göstərdiyi xidmətə görə ödənildiyi vətəndaşa izah edilməlidir. O, vəkillik fəaliyyəti ərzində vəsaitin geri tələb olunması kimi hallarla özünün də qarşılaşdığını deyib: “Müqavilə bağlanan zaman onun şərtləri vətəndaşa aydın izah olunmalıdır. Yəni bildirilməlidir ki, vəkil müdafiə tərəfi olaraq, göstərdiyi xidmətə görə ödəniş alır və nəticənin onun lehinə və ya əleyhinə olmasından asılı olmayaraq, aldığı vəsait geri qaytarılmır. 12 illik fəaliyyətimdə bir neçə dəfə özüm də belə problemlə rastlaşmışam. Bu zaman vətəndaşın sosial vəziyyətini nəzərə alaraq, humanistlik göstərib həmin vəsaiti geri qaytardığım hallar da olub. Ümumiyyətlə, düşünürəm ki, vəkil işə kifayət qədər məsuliyyətli, peşəkar yanaşarsa, müştəri ilə aralarında heç bir narazılıq da olmaz”.

Femida.az

Açar sözlər:

Oxunub: 865