Snayper gülləsinə tuş gələn baş leytenant - “Azad etdiyi torpaqdan gətirib məzarına səpdim” - Şəhid ATASI


14:23     07 Fevral 2021 21_02_07_1612691668.jpg

İkinci Qarabağ müharibəsi cəmiyyətə elə simalar tanıtdı ki, bəzən həmin qəhrəmanları yaxından tanımadığımız üçün peşmanlıq hissi keçiririk. Bu savaş bizə həm kədər, həm də sevinc hissini eyni anda yaşamağı öyrətdi. Qəhrəmanlarımızın döyüş yolu, göstərdiyi şücaətlər ailə üzvlərindən və ya silahdaşlarının xatirələrindən bizə əyan olur. Şəhidlərimiz Azərbaycan tarixinə dərin, bir ömür unudulmayacaq izlər buraxdı.


Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə yaddaşlara həkk olunan cəsarətli döyüşçülərdən biri də baş leytenant Səid Nofəl oğlu Rəşidzadədir.


Səid Rəşidzadə 1990-cı ilin yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1993-cü ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1996-2007-ci illərdə Bakı şəhəri S.Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə oxuyub. Daha sonra 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmətə başlayıb.

Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.


Şəhidin atası Nofəl Qasımov Modern.az-a Səid haqqında daha ətraflı danışıb.


“Mənim azad edə bilmədiyim torpağı oğlum azad etdi…”

“Mən Səid yaşda, 31yaşım olanda Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdim. Həmin vaxtlar o torpaqlarda mən döyüşürdüm. Birinci Qarabağ savaşında Füzuli Özünümüdafiə batalyonunu komandiri kimi.

Düzdür, neçə dəfə hücum etdim, itkilər versəm də, Hadrutu azad edə bilmədim. Çünki o zaman bu qədər təcrübəmiz yox idi.

Həmin vaxtlarda Səidin 3 yaşı var idi. Onu səngərə aparıb, silahdan atəş açmağı öyrədirdim. Oğlum mənim azad edə bilmədiyim torpağı, öz qanı ilə aldı.

Səidin arzusu hərbçi olmaq idi. Onu vətən uğrunda getdiyi heç bir yoldan saxlamamışam. Hər zaman “gedirəm” deyəndə, “uğur olsun” söyləmişəm”.


Səid Rəşidzadə hələ 2016-cı ilin aprel döyüşlərində general Polad Həşimovla birgə döyüşüb:


“Səid 2016-cı ildə baş verən aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında döyüşüb. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib.
2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndə Səid çox pis oldu və özünə qapandı.

O, döyüş yoldaşı general Polad Həşimovun qisasını almaq üçün müharibənin başlamısını gözləyirdi”.



“Müharibə başlayanda dözmədi, cəbhəyə getdi…”


“Sentyabrın 27-də Vətən müharibə başlayanda Səid zabit kimi döyüşə getmək üçün müraciət etdi. Əvvəlcə ehtiyac olmadığını deyib, qəbul etmədilər. Amma Səid gözləmədi.

Cəbhəyə getdi. Əvvəlcə 1 həftə Ağcabədidə könüllülər hazırladı. Daha sonra Füzuli rayonunun Horadiz kəndi istiqamətində döyüşlərə atıldı və irəliyə doğru 42 km döyüşdü. Hadrutun girişində Şişqaya deyilən yüksəkliyi azad edib, bayrağı sancan zaman snayper gülləsi ilə vuruldu. Döyüş yoldaşları köməyə gəlsə də, onu xilas etmək mümkün olmadı. Beləcə, oğlum şəhidlik zirvəsinə yüksəldi.

Sonradan həmin yüksəkliyi gedib ziyarət etdim. Şişqaya Hadrutun girəcəyində yerləşir. Oradan bir ovuc torpaq gətirib oğlumun məzarı üzərinə səpdim.

Səid döyüş müddətində sinəsində bayraq gəzdirərmiş. Deyirmiş ki, hansı kəndi birinci azad etsələr, həmin bayrağı oraya sancacaqmış. Şişqaya yüksəkliyinin alınması üçün göstəriş gəlib. Səid olan bölük həmin ərazini təmizləyib. O, sinəsindəki bayrağı Şişqaya yüksəkliyinə sancan zaman snayperlə vurulub. Yoldaşları bayrağın üzərinə Səidin adını yazıb, həmin yüksəkliyə sancıblar. Oktyabrın 11-də Səidin şəhid xəbəri gəldi, 12-də isə Hadrutun azad olunduğu deyildi”.


“Səid kaskasız, bronijiletsiz döyüşürmüş…”


“Oğlumla aramızda sərhəd var idi deyə, onun haqqında çox şeyi bilmirdim. Yoldaşları indi mənə Səidin necə döyüşdüyü, hansı keyfiyyətlərə malik hərbiçi olduğu barədə danışırlar.

Onların sözlərinə görə, Səid əsgərləri qorxmasın deyə bronjiletsiz, kaskasız döyüşürmüş. Özünü hər döyüşdə irəli atarmış. Maaşı verilən kimi siqaret alıb, əsgərlərinə paylayarmış.

Səidin bir sözü var idi – “Vətən sağ olsun”. Hər nə olurdusa, bu sözü deyirdi. Müharibəyə yollandığı zaman da “Ata, vətən sağ olsun” dedi və getdi.

Son dəfə oktyabrın 9-u mənə zəng etdi. Bir az danışdıq. Harada olduqlarını soruşdum. Daha sonra “soyuq su içməyin” dedim. Sən demə onlar heç su tapmırmışlar. Oktyabrın 11-də şəhid xəbərini aldıq”.




Səid özünə çox qapalı bir oğlan idi. Arzularından, istəklərindən danışmazdı. Amma əsl zabit idi. Hərbçi necə olursa, elə biri idi. Maraqlıdır ki, dostları ondan danışanda deyirlər ki, çox gülərüz imiş.

Səid tanıdığı-bildiyi adamlardan kimin nə problemi olurdusa, həll etmək üçün mənim yanıma gətirirdi. Heç kimə hərbiyə aid bir söz belə demirdi.

1992-93- cü illərdə mən döyüşən zaman 125 şəhid vermişdim. Oğlum da 126-cı şəhidim oldu. Səidin şəhid xəbəri gələn zaman ilk düşündüyüm bölüyü kimin idarə edəcəyi oldu. Çünki müharibədə komandir lazımdı. Şəhidə hər zaman ağlaya bilərik. Amma biz qələbə çalmalıyıq. Biz indiyə qədər gənclərimizə fərasətsiz biriləri kimi baxmışıq. Amma gənclərimiz 44 günlük müharibədə necə vətənpərvər olduqlarını sübut etdilər.

Səid şəhid olduqdan sonra onun nəşini Füzulinin Babı kəndində torpağa tapşırdım. Səid ata kəndimizi özü azad etdi”.

“Biz Səidin qisasını aldıq…”

Səid Rəşidzadənin döyüşdüyü taborun komandiri, mayor Hacı Rəhimov şəhidi belə xatırlayır…


“Mən Səidgilin tabor komandiri idim. Səid müharibənin 5-ci günündən bizimlə birgə döyüşüb. O, mənə deyəndə ki, müharibəyə könüllü gəlib, həmin an onun necə mərd, cəsur döyüşçü olduğunu anladım. Döyüş tapşırıqlarını yerinə yetirən zaman demək olar ki, Səidlə birgə olurduq. O, heç nədən qorxmayan, çəkinməyən bir savaşçı idi. Ona necə dəfə ehtiyatlı olmağı barədə xəbərdarlıq etmişdim.

Səidlə Hadrut istiqamətindəki yüksəklikləri təmizləyə-təmizləyə irəliləmişik. Orada düşmənin bir neçə postu qurulmuşdu. O yüksəkliklər təmizlənməsəydi, Hadruta giriş mümkün olmazdı. O yüksəklikləri təmizləyən zaman böyük qarşıdurma oldu. Səid düşmənin bayrağını endirib, Azərbaycan bayrağını yüksəkliyə sancan zaman snayper gülləsinə tuş gəldi.

Biz Səidin qisasını aldıq, orada dalğalanan bayrağın üzərinə Səidin adını yazdıq.

Səid kimi oğullarımızın vətən uğrunda şəhid olması çox qürurvericidi. Şəhid ailələri başlarını dik tutsunlar”.


Baş leytenant Səid Rəşidzadə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.(Modern.az)

Açar sözlər:

Oxunub: 712