İnsan alveri və problemin ciddiliyi


16:27     26 May 2015 11327298_973774536000717_1549823609_n.jpg

İnsan alveri sosial, hüquqi portreti baxımından ciddi problemdir və bu problemin təhlükəliliyinin ölçüsü hər zaman diqqət mərkəzindədir. İnsan alveri probleminin qiymətləndirilməsinə və dərindən təhlil edilməsinə bir neçə istiqamətdən yanaşılmalıdır.


Belə ki, insan alveri göründüyü kimi ictimai təhlükəli əməl olmaqla təkcə cinayət hüquq pozuntusu deyil. İnsan alveri ümumilikdə qloballaşmanın, miqrasiyanın sürətlənməsi və əmək sferasının genişlənməsi çərçivəsində təhlil edilməlidir.
Bundan başqa insan alveri hüquq mühafizə fəaliyyəti və cinayət-mühakimə aspektində də öyrənilməli və qurbanların sosial portreti diqqətdə saxlanılmaqla insan hüquqlarının qorunmasının təkmilləşdirilməsi təhlil predmeti olmalıdır.
Əksər hesabatlarda və digər məlumat mənbələrində göstərildiyi kimi insan alverinin köləliyin müasir forması kimi səciyyələndirən cəhətləri aşağıdakı kimi sadalamaq olar:

1. Miqrasiyanın genişlənməsi və sürətlənməsi

İnsan alverinin qurbanı onun olduğu, yaşadığı yerdən, mühitdən çox uzaqlarda istismar olunması məqsədilə daşındığı üçün bu və ya digər formada miqrasiya mərhələsindən keçmiş olur. Bu mərhələ daxili və ya xarici miqrasiya formasında özünü göstərir. Qurban daxili miqrasiya zamanı ölkə daxilində kənd, rayon yerindən daha çox əlverişli digər bölgə və ya şəhərə köç etməklə, xarici miqrasiya zamanı isə müqayisədə daha az inkişaf etmiş, keçid dövrünü yaşayan ölkədən daha çox inkişaf etmiş, cəlbedici şəraiti olan ölkəyə köçməklə istismara məruz qalır.
Müvafiq qaydada rəsmi qeydiyyata alınmış və ya alınmamış miqrantlar nabələd olduqları yerdə olmaları baxımından insan alverinə məruz qalma riski daşıyırlar və təsadüfi deyil ki, daha çox qeydiyyata alınmamış miqrantlar insan alverinə məruz qalırlar.

İnsan alverinə məruz qala biləcək şəxslərin dəqiq kateqoriyalarının olmamasına baxmayaraq bir çox hesabatlara və statistikaya əsasən ümumiyyətlə insan alveri təyinat ölkələrində daha çox əcnəbi şəxslər olan qeyri-qanuni miqrantlar barəsində törədilir.

ABŞ-da qadınlar və uşaqlar qeyri-qanuni miqrantların böyük hissəsini təşkil edir və onlar insan alverinə məruz qalma riski altındadırlar. Orada işçi qüvvəsinə tələbatın böyük olması, əcnəbi şəxslər üçün qanuni miqrasiyanın ağır şərtləri, kvotaları, əmək miqrasiyası zamanı ailələri ilə birlikdə köçənlərə üstünlük verilməsi və s. bu kimi qaydalar az inkişaf etmiş ölkələrdən miqrantların ABŞ-a qanuni gəlişini xeyli məhdudlaşdırır və bu da neqativ təsirsiz ötüşmür.

Afrika ölkələrindən Avropaya köçmək istəyən miqrantlar da oxşar qanuni məhdudiyyətlərlə üzləşirlər. Sərhəd xidmətinin inkişaf etməsinə, güclənməsinə və onun dolayı vasitələrlə keçilməzliyinə şahid olan miqrantlar məqsədlərinə nail olmaq üçün bu zaman insan alverçiləri olmayan, lakin onlar qədər ictimai təhlükəli insan qaçaqçılarına (qanunsuz miqrasiyanı təşkil edən şəxslər) müraciət edirlər.
Hökumət orqanları miqrasiya müstəvisində insan alveri hadisələrinin baş verməsinin minimuma endirilməsi, belə faktların yaranmasına səbəb olan halların aradan qaldırılması istiqamətində daha təsirli tədbirlər yerinə yetirməklə yanaşı vətəndaş olan və ya olmayan şəxslərin azad hərəkətini məhdudlaşdırmamalıdır.
Belə ki, 16 dekabr 1966-cı il tarixli BMT-nin “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktında göstərildiyi kimi qanuni surətdə hər hansı dövlətin ərazisində olan hər kəs həmin ərazidə sərbəst yerdəyişmək və yaşayış yeri seçmək azadlığına malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək hüququna malikdir.

4 noyabr 1950-ci il tarixli Avropa Şurasının “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyasına əsasən hər hansı dövlətin ərazisində qanuni əsaslarla yaşayan əcnəbi şəxs qanunla qəbul edilən qərarın icrası istisna olmaqla oradan çıxarıla bilməz.

2. İnsan alverinin “əlverişliliyi”

Əslində insan alveri sanki “iqtisadi fəaliyyət”in bir forması kimi günümüzdə bəşəri əlamətə malikdir. İlleqal miqrasiya, insan qaçaqçılığı (qanunsuz miqrasiyanın təşkili) və insan alveri gəlir əldə etmək niyyəti ilə müəyyən şəxslərin iştirak etdiyi qeyri-qanuni ticarətin qabaqcıl formalarından biridir.

İnsan alveri şəxslərin dinamik yerdəyişməsi, bir yerdən digər yerə köçməsi formasında özünü göstərən və istismar məqsədilə gəlir əldə etmək üçün həyata keçirilən miqrasiyanın dolayı məhsuludur. Bu səbəbdən bir sıra təhlilçilər göstərir ki, insan alveri mənbə və təyinat ölkələri arasında qlobal hərəkətin vasitəsi olaraq, qeyri-qanuni ticarət forması kimi öyrənilməli və belə əməllər üzrə formalaşmış kriminal şəbəkələr qeyri-qanuni “ticarət təşkilatları” (cinayətkar birliklər) olaraq qəbul edilməlidir.

Miqrantların əməyinə böyük tələbatın olması ilə yanaşı onların təyinat ölkələrinə qanuni keçidini məhdudlaşdıran şərtlərin mövcudluğu kriminal təbəqələrə cinayət əməlləri ilə külli miqdarda gəlir əldə etmələrinə imkanlar yaradır və qeyri-qanuni miqrantlar vasitəsilə daha artıq gəlir əldə etmək üçün saxta sənədlər hazırlama, illeqal sığınacaqlar saxlama və s. digər cinayətlərin törədilməsinə şərait yaradır.
Nəticədə mövcud qanuni biznes mühitindən qeyri-qanuni şəkildə istifadə edən cinayətkar birliklər yüksək həcmdə gəlir əldə etmələri üçün azad insanı kölə vəziyyətinə salaraq insan alverinin qurbanı edirlər. Transmilli cinayətkar qruplar bu kimi fəaliyyətlərlə məşğul olmaqda daha maraqlı olurlar və zəruri hüquqi prosedurlarda iştirak etməli olduqları zaman aldatma, hədə-qorxu, zor tətbiq etmə, rüşvət vermə və digər qeyri-qanuni üsullardan istifadə edirlər.
Gəlir baxımından insan qaçaqçılığının (qanunsuz miqrasiyanın təşkili) insan alveri kimi yüksək mənfəətli olmaması sonuncu cinayət növündə iştirak edən şəxslərin çox olmasının səbəblərindən biridir. İnsan qaçaqçılığı (qanunsuz miqrasiyanın təşkili) razılaşdırılmış dəqiq gəlirin, mənfəətin əldə edilməsi məqsədilə törədilərək qısa müddətdə başa çatır. İnsan alveri isə əksər hallarda uzunmüddətli istismarın dəfələrlə həyata keçirilməsi nəticəsində əvvəlcədən qeyri-müəyyən həddə gəlirin, mənfəətin əldə edilməsi ilə baş verir.


3. İqtisadi-sosial mühitin inkişaf etməməsi, tələb-təklif amilləri
İnsan alverinə məruz qalan şəxslər daha çox sosial müdafiəsi olmayan, təhsil səviyyəsi aşağı olan, az gəlirli, işsiz və digər sosial parametrləri qeyri-kafi şəxslərdir. Beynəlxalq araşdırmalar göstərir ki, yardım edilən qurbanların əksəriyyəti daha çox inkişaf etməmiş və ya az inkişaf etməkdə olan ölkələrdən olurlar (Banqladeş, Mali, Moldova, Nepal və s. ölkələr).
Cənub-Şərqi Avropa regionu üzrə aparılan müxtəlif araşdırmalara əsasən qurbanların daha çox yoxsulluq səviyyəsi Avropanın digər regionları ilə müqayisədə yüksək olan ölkələrdən olması müəyyən edilmişdir (Albaniya, Bolqarıstan, Moldova, Rumıniya). Mərkəzi və Qərbi Afrika regionu üzrə insan alverinin geniş vüsət almasının əsas amillərindən birinin yoxsulluq səviyyəsinin yüksək olması qeyd edilir.

Mənbə ölkəsində olan şəxslər daim normal və ya daha yaxşı həyat tərzi arzusu ilə, özünü və ailələrini təmin edəcək maddi təminatı əldə edəcəkləri ümidi ilə yaşayırlar (təklif amili). Təyinat ölkəsində isə müəyyən sahələr üzrə (sənaye, kənd təsərrüfatı, ev qulluğu, inşaat və s.) daha ucuz, daha münasib işçi qüvvəsinə və ya müvafiq xidmətlər göstərəcək şəxslərə tələbat olur (tələb amili).
Bu kimi tələb və təklif amillərinin mövcudluğu insan alveri cinayətlərinin törədilməsini labüd edir, çünki daha yaxşı həyata sahib olmaq üçün hər zaman risk edən şəxslər olur. Bu baxımdan insan alveri “tələb və təklif” amillərinin öyrənilməli olan çoxtərəfli problemdir.

İnsan alverinin cinsi və əmək istismarı formaları üzrə araşdırmalar göstərir ki, bu növ əməllərlə bağlı təklifin sosial, mədəni və tarixi kökləri mövcuddur. Təklif bilavasitə tələbatı doğuran səbəbdir.

İnsan alverinə məruz qalma həssaslığı baxımından qadınlar xüsusi seçilir və təyinat ölkələrində xaricdən gələn və ya gətirilən qadınlara kommersial intim sahələri və əyləncə yerləri ilə yanaşı digər sahələrdə tələbat mövcuddur. Digər sahələrə ev qulluğu, təsərrüfat və s. az məvacibli əmək sektorları aiddir.
İnsan alverçiləri belə tələbatlarla yanaşı qadınların bəzi regionlarda miqrasiya şərtlərinin daha yüngül olmasından məharətlə sui-istifadə etməkdə bir o qədər çətinlik çəkmirlər. Miqrasiya zamanı təhsil və peşə ilə bağlı kişilərdən tələb edilən şərtlərin qadınlara sorğu edilməməsi Banqladeş və İndoneziyadan Yaxın Şərq ölkələrinə çoxsaylı köçetmənin bariz səbəblərindən biridir.

4. Qloballaşmanın proqresi

Qloballaşma sferasının liberallaşması və özəlləşdirmə ənənəsinin formalaşması insanların ən sadə tələbatlarını ödəmələri üçün nağd gəlirlərə olan ehtiyaclarının artmasına səbəb olmuşdur. Bu da öz növbəsində yerli əmək bazarında belə tələbləri təmin edəcək məşğulluğun tapılmaması ilə nəticələnir və ailə üzvünün mövcud təklifləri dəyərləndirərək “sərfəli iş yerləri ilə bol olan” xaricə üz tutmağa vadar edir.
Müasir dövrdə təkcə kütləvi informasiya vasitələri, xüsusən internet imkanları kifayət edir ki, “xoşbəxtlik dolu” xarici ölkələrdəki əmək sahələri barədə məlumat əldə edilsin və iş axtarma müraciəti yerləşdirilsin.
Qloballaşma müqayisədə daha çox inkişaf etmiş ölkələrin müxtəlif əmək sahələrində defisit olan işçi qüvvəsinin xaricdən gələn ixtisassız və ya az ixtisaslaşmış şəxslərlə tamamlanmasına kömək edir və bu da sürətli miqrasiyaya səbəb olmaqla bir sıra hallarda insan alverinin törədilməsinə şərait yaradır.
Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə dünyada əməkçi miqrantların sayının təxminən 120 milyon olması ehtimal edilir. Əməkçi miqrantların daha çox köçdüyü ölkələr sırasında Səudiyyə Ərəbistanı (7.5 mln), BƏƏ (2.3 mln), Malayziya (2.3 mln) və Küveyt (1.3 mln) yer alır. Təklif tərəfi ölkələr sırasında Filippin (7 mln), İndoneziya (3 mln), Banqladeş (3 mln), Şri-Lanka (1.5 mln) seçilirlər.

Miqrantların əməyə cəlb olunması hər iki tərəfə, mənbə və təyinat ölkəsinə mənfəət, gəlir qazandıran əməl olsa da, nəzarətsiz, qeyri-qanuni və qəbuledilməz məqsədli bu proses amansız rəftara, insan alverinə və köləliyə bənzər hadisələrə gətirib çıxara bilir.

Qloballaşmanın genişlənməsi hökumətin azad iqtisadiyyata, sahibkarlığa, ticarətə nəzarət etmə funksiyalarına təsirini göstərir və belə funksiyaların məhdudlaşması ilə nəticələnə bilir. Məsələn, müəyyən edilmiş qadağanedici və ya məhdudlaşdırıcı hüquqi normalar sahibkarlığın və ticarətin, beləliklə də iqtisadiyyatın inkişafına yönəlmiş investisiyaların qoyuluşuna təsir edir.

Belə sahələr üzrə əlaqələrin genişləndirilməsində maraqlı olan dövlətlər və ya şirkətlər investisiya qoyulmasının və ticarətin inkişafı üçün bəzi hallarda qanuni maneələrin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir. Nəticədə islahat xarakterli belə tədbirlər ictimai rifahın artmasına, iqtisadi, ticarət və digər dövlətlərarası əlaqələrin genişlənməsinə müsbət təsir göstərməklə yanaşı cinayətkar ünsürlərə də sərf etmiş olur.

Sərhədkeçmə və miqrasiya ilə bağlı qaydaların asanlaşdırılması istiqamətində qeyd edildiyi kimi tətbiq edilən leqal qaydalar cinayətkar dairələrin fəaliyyətinin genişlənməsinə gətirib çıxara bilir. Arzuolunmaz təbəqələr belə fürsətlərdən istifadə etməklə yanaşı mövcud qaçaqmalçılıq imkanlarına, sərhəd xidməti zəifliyinə və məmurların rüşvətlə ələ alına biləcəyinə arxalanaraq öz əməllərini daha arxayın həyata keçirirlər.
Belə kriminal birliklərin saxta sənəd hazırlama, qurbanları daşıyaraq yerlərini dəyişmə, maliyyə-mühasibat işləri, hüquqi prosedur və s. məsələləri üzrə təyinatlı üzvləri, müvəkkilləri olur. Bu növ birliklər bir sıra hallarda cinsi və ya xidməti istismardan başqa qurbanları təhlükəli cinayətlərin digər növləri ilə məşğul olmağa məcbur etməklə cinayətkar fəaliyyətə cəlb etmiş olurlar (narkotik vasitələrin saxlanması, daşınması, alqı-satqısı; odlu silahların və ya oğurlanmış əmlakların daşınması, alqı-satqısı; mütəşəkkil cibgirlik və ya dilənçilik və s.).

İnterpolun Baş Katibliyinin rəsmi məlumatlarına əsasən insan alveri və insan qaçaqçılığı (qanunsuz miqrasiyanın təşkili) sadalanan digər cinayətlərin törədilməsi üçün əlverişli şəraiti formalaşdırır.

5. İnsan hüquqlarının kobud şəkildə pozulması

BMT-nin 15 noyabr 2000-ci il tarixli “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyası və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolu (Palermo Protokolu) tərəf olan dövlətlərin insan alverinə qarşı mübarizə fəaliyyətinin normativ-hüquqi əsaslarını müəyyən edir. Bu Konvensiya və onu tamamlayan Protokol qəbul edilməmişdən xeyli əvvəllər insan hüquqlarına dair qüvvəyə minmiş beynəlxalq müqavilələrdə insan alveri ilə bağlı bir sıra məsələlər bu və ya digər formada tənzimlənirdi.
1895-ci ildə ilk dəfə olaraq Parisdə qadınların alveri ilə əlaqədar beynəlxalq konfrans keçirilmişdir və bu konfransla yanaşı tarixə düşən digər görüşlər gələcəkdə qəbul olunacaq bir çox beynəlxalq hüquqi aktlarda insan alveri ilə bağlı hüquqi müddəaların təsbitini tapmasında əhəmiyyətli rol oynamışdır.

Ümumiyyətlə, insan alverinə qarşı mübarizə sahəsində normalar müəyyən edən 20-yə yaxın əsas beynəlxalq hüquqi akt müxtəlif beynəlxalq qurumlar tərəfindən qəbul edilmişdir. İnsan hüquq və azadlıqlarını öz yurisdiksiyası həcmində nizamlayan bu fundamental beynəlxalq hüquqi aktlarda insan alverinə qarşı mübarizəyə dair müddəaların öz əksini tapması təsadüfi deyil.

Belə ki, insan alveri yuxarıda göstərildiyi kimi köləliyin müasir forması olaraq birinci növbədə insan hüquqları kimi ali dəyərləri təhdid edir və şəxsin fərdiliyini “tapdalayır”. Buna görə də insan alveri probleminin ciddiliyi qiymətləndirilərkən bu fenomenin insan hüquqları prizmasından təhlili mütləqdir.
Dünyanın elə bölgələri də mövcuddur ki, orada insan alverçiləri tarixən formalaşmış ictimai yanaşma və dəyərlərdən, mövcud sosial mövqelərdən əlverişli formada faydalanır və öz qurbanlarını rahat şəkildə əldə edirlər.

Gender bərabərsizliyi olaraq qadının ictimai-sosial statusunun kişidən xeyli aşağıda olması, qadının kişi “mülkiyyətində olan bir əşya tək” qəbul edilməsi, tənha qadının heç bir şəkildə gələcək perspektivinin ola bilməyəcəyi inamı və s. istismar üçün insan alverçilərinin münasib namizədləri əldə etməsini sürətləndirir.

Cəmiyyətdə belə stereotiplərin olması gender diskriminasiyasına gətirib çıxarır ki, bu da əslində, fundamental insan hüquqlarının pozulmasıdır. Bundan başqa insan alveri problemi ilə əlaqədar pozulan insan hüquqları şəxsi toxunulmazlıq, sağlamlıq, yaşamaq və azadlıq hüquqlarıdır.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyinə əsasən şəxsi azadlıq əleyhinə ən ağır cinayət məhz insan alveridir. İnsan alveri Cinayət Məcəlləsində müstəqil cinayət növü kimi təsbitini tapanadək göstərilən “ən ağır” pilləsində birinci olan adam oğurluğu cinayətinin özü insan alverinin törədilməsi üsullarından biridir. Sadalananlardan belə bir qənaətə gəlmək mümkündür ki, insan hüquqlarının pozulması insan alverinin nəticəsi olduğu kimi bilavasitə onun törədilməsinin səbəbi kimi də çıxış edir.

Hüquqları pozulmuş və ya qanunla nəzərdə tutulan sosial-hüquqi müdafiəsi təmin edilməmiş şəxslərin əlacsız vəziyyətə düşməsi onları bu kimi cinayətlərə məruz qalma riski altına salır və anti-trafikinq nəzəriyyəsi baxımından belə şəxslər insan alverinin potensial qurbanları kimi qəbul edilirlər.

6 Köləliyə bənzər forma və əlamətlər
10 dekabr 1948-ci il tarixli BMT-nin “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”nin 4-cü maddəsinə əsasən heç kim kölə vəziyyətində və ya asılı vəziyyətdə saxlanılmamalıdır, köləliyin və kölə ticarətinin bütün formaları qadağan edilir.

Bu kimi əməllərin törədilməsinə görə ağır cəzaların müəyyən edilməsinə baxmayaraq dünyanın istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrində köləliyin formaları özünü göstərir. Borc asılılığına görə əsarət cənubi Asiya ölkələrində köləliyin forması, insan alveri əməli olaraq vüsət almışdır. Mavritaniyada və Malidə adət halını almış köləlik hələ də mövcuddur. Mərkəzi və Qərbi Afrika regionunda uşaq əməyinin istismarı geniş yayılmışdır.
Dünya ölkələri coğrafi ərazi baxımından insan alverinin törədilməsində iştirakından asılı olmayaraq (mənbə, tranzit və təyinat ölkələri) hər bir halda insan alverinin bütün formalarına qarşı mübarizə aparmaq öhdəliyi daşıyırlar. İnsan alverinin ən çox yayılmış formaları qadınların cinsi, kişilərin əmək (xidməti) istismarına məruz qalmasıdır.

İnsan alverini köləliyin müasir forması kimi təsdiqləyən əsas əlamət insan alveri qurbanının kölə kimi azad iradəyə sahib olmamasıdır. İnsan alverinə məruz qalmış, zor, hədə və s. ilə istismar olunan qurban öz subyektivliyinin, o cümlədən əməyinin müqəddəratını kölə kimi müəyyən etmək iqtidarında deyil.
İnsan alverçisi istismara məruz qoyduğu qurban üzərində “mülkiyyət huququ”na malik olan şəxs kimi ona sahibliklə əlaqədar arzuladığı davranışı həyata keçirir. İnsan alveri qurbanı onun barəsində edilən istismar dövründə şəxsi azadlığı barəsində deyil, gələcəkdə istismarın daha da ağırlaşmaması naminə “sahibi” olduğu insan alverçisinin “mülkiyyətinə” xas davranışı qüsursuz yerinə yetirmək barədə düşünür.

Bu aspektdə insan alveri ilə köləlik cinayət əməlini fərqləndirmək də zəruridir. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən bu cinayətlər arasında fərq cinayətin obyekti və obyektiv cəhəti üzrə seçilir. Köləlik əməlinin əsas əlamətləri olan əməyin mənimsənilməsi, kənar nəzarət və zorakılığın tətbiqi və ya hədənin edilməsi insan alverində də özünü göstərir.
XVI-XIX əsrlərdə aparılan müharibələr, baş verən qarşıdurmalar nəticəsində ənənəvi kölə alveri həyata keçirilirdi. Günümüzdə isə insan alveri yuxarıda göstərilən üsullarla törədilir.
Tarixdə ənənəvi köləlik insanların ələ keçirilməsi, alınması, satılması ilə baş tuturdu, gizli təbiətli insan alveri isə latent şəkildə insanların cəlb edilməsi, əldə edilməsi, saxlanılması, verilməsi, qəbul edilməsi və s. ilə törədilir.
Dünya təcrübəsinə əsasən misal olaraq Uqandada “Karamojong” adlı mal-qara bazarında qadın və uşaqların alınıb satıldığını, Tayvanda əcnəbi qadınların hərraclarda insan alverçilərinə təqdim edildiyini və ya ən geniş yayılmış əlaqə vasitəsi olan internet imkanlarının istifadəsi ilə intim-eskort xidmətləri, “model və ya gəlinlər” barədə elanları göstərmək olar.

İnsan alveri şəxsin təbii insan hüquqlarını kobud şəkildə pozmaqla qurbanı ləyaqəti alçaldan hadisələri yaşamağa, qəddar rəftara boyun əyməyə məcbur edir və beləliklə də köləliyin müasir formasında özünü göstərmiş olur.
Tarixdə köləliyin mövcudiyyətinin əsas amili irqi-etnik fərqlilikdən irəli gəlmişdir, günümüzdə isə köləliyin müasir formasının-insan alverinin baş verməsinin əsas amili yoxsulluqla bağlıdır.

Bütün qeyd edilənlərə əsasən insan alverinin vahid, sadə əməldən ibarət cinayət, ictimai-sosial problem olmadığını göstərmək olar. İnsan alveri mürəkkəb bir proses olmaqla başlanğıcdan sonadək səbəbləri bilavasitə ictimai, iqtisadi, sosial, siyasi və s. sahələrlə əlaqəli olan, bu günədək aradan qaldırılmamış problemlər sistemidir.
Buna görə də insan alverinə qarşı mübarizə üzrə effektli nəticələrin əldə edilməsi üçün problemin ciddiliyinin qiymətləndirilməsi aparılmaqla yanaşı sadalanan istiqamətlər üzrə onun düzgün təhlil edilməsi və adekvat tədbirlərin həyata keçirilməsi zəruridir.

Ölkəmizdə insan alverinə qarşı mübarizə cinayətkarlığa qarşı mübarizənin prioritet sahəsi olaraq həyata keçirilir və yerinə yetirilən kompleks xarakterli tədbirlər problemin nəticələrinin aradan qaldırılmasından daha çox onun baş verməsinin ictimai-sosial səbəblərinin həll edilməsinə yönəlmişdir.

Qurbanov İlkin Zöhrab oğlu

Hüquqşünas

Açar sözlər:

Oxunub: 5101