Güləbird Su Elektrik Stansiyası istifadəyə verildi


14:37     15 Fevral 2021 2021/02/d0063-1613384113_1613385476.jpg

"Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq xarici və yerli investorları dəvət etmişəm. Onu da bildirməliyəm ki, bütün əsas işləri dövlət olaraq biz özümüz görürük və görəcəyik. Xarici və yerli investorlar investisiya qoymaqla həm öz biznes maraqlarını təmin edə bilərlər və həm də Azərbaycanı uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin etmək üçün öz sözlərini deyə bilərlər".

Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən deyib.

"Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı var. Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik.

Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə - bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir", - deyə Prezident çıxışında bildirib.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

Erməni qəsbkarlar işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın ediblər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

Prezident İlham Əliyev “Güləbird” Su Elektrik Stansiyasını işə salıb.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 188


Oxşar xəbərlər