Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək


13:30     18 Fevral 2021 2021/02/peshe_240720_1613640697.jpg

Peşə təhsili müəssisələrində ümumilikdə istehsalat təlimi və təcrübəsi dərsləri əyani formada təşkil ediləcək ixtisaslarda təhsil alan tələbələrin sayı 18.860 nəfər olacaqdır ki, bu da cəmi tələbə sayının 88 %-nə bərabərdir. Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, xüsusi karantin rejimi dövründə tətbiq edilən yumşalmaları nəzərə alaraq, peşə təhsili müəssisələrində 15 fevral tarixindən etibarən tədris prosesində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb. Təhsil Nazirliyi kollegiyasının qərarı və Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən ixtisaslar üzrə istehsalat təlimi və istehsalat təcrübəsi üzrə dərslərin əyani formada təşkili, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilməkdədir. İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlərin (istehsalat təlimi və təcrübəsi) distant (məsafədən) formada tədris edilməsi davam etdiriləcəkdir.

İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müvafiq dəyişikliklər həyata keçirilib. Tədris planları və dərs cədvəllərinə əsasən ixtisasdan asılı olaraq istehsalat təlimi dərslərinin əyani formada təşkili həftədə 2 gündən artıq olmayacaq. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil ediləcək. Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da tədrisin əyani formada təşkili bərpa edilir.

Tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli, 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təşkil edilməkdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 609