Milli Məclis İndoneziyaya təşəkkür məktubu göndərdi


11:37     19 Fevral 2021 millimeclis1.jpg

Milli Məclisin Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muhammad İqbala və qrupun üzvlərinə təşəkkür məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, məktubda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı İndoneziya Respublikasının Nümayəndələr Palatasında qəbul edilmiş, tarixi faktlara söykənən və BMT TŞ-nin qətnamələrinə istinad edən siyasi bəyanat yüksək qiymətləndirilib, İndoneziya parlamenti tərəfindən verilən bu qardaş dəstəyinə görə dostluq qrupu adından həmkarlarına minnətdarlıq ifadə olunub.

Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası dost İndoneziya Respublikası ilə ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə böyük önəm verir. Məktubda birgə səylər nəticəsində parlamentlərarası əməkdaşlığımız bundan sonra da dərinləşəcəyinə və bunun xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, 10 fevral 2021-ci il tarixində İndoneziya Respublikasının Nümayəndələr Palatasının İndoneziya-Azərbaycan parlament dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib, bəyanatda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlığa sığmayan cinayətlər qınanılıb və Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymaması pislənib.

Femida.az

Açar sözlər:

Oxunub: 412