Azərbaycan İranla yaxınlaşır? – TƏHLİL


18:40     23 Dekabr 2015 ilham%20eliyev%20ruhani.jpg

“İran-Azərbaycan əməkdaşlığından hər iki tərəf qazanacaq. Bu, bizim üçün həm iqtisadi, həm də siyasi baxımdan böyük önəm kəsb edir”.


Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu İran-Azərbaycan münasibətlərini Femida.az-a şərh edərkən deyib.

Politoloq qeyd etdi ki, İran daxilindəki dindar qüvvələr İran-Azərbaycan münasibətlərinin inkişafına mane olmağa çalışırlar:

“Azərbaycan müstəqillik qazandığı gündən bu günə kimi bütün qonşularla normal münasibət qurmağa çalışır. Bu, Azərbaycanın siyasi doktrinasıdır. Ermənistan xaric bütün qonşularımızla daima əməkdaşlıq etməyə çalışmışıq. İranla bağlı da Azərbaycan Respublikasının əzəli və əbədi maraqları ondan ibarət olub ki, iki dövlət arasındakı münasibətlər yüksək səviyyədə qalsın. Məsələ burasındadır ki, İrandakı müəyyən qüvvələr Azərbaycanla münasibətlərin inkişaf etdirilməsini istəmirlər. Söhbət İranın daxilindəki dindar qüvvələrdən gedir. Həmin qüvvələr həmişə olduğu kimi indi də Azərbayan-İran münasibətlərinə hər vasitə ilə maneçilik törətməyə çalışırlar”.



Politoloq onu da vurğuladı ki, hər iki dövlət bu əməkdaşlıqda maraqlıdır:

“İndiki məqamda Ruhani Azərbaycanla əməkdaşlığa can atır. Azərbaycan da bu əməkdaşlıqda maraqlıdır. Azərbaycanla iqtisadi münasibətləri yaxşılaşdırmaq İran üçün bütün parametrlərinə görə sərfəlidir. Azərbaycanın İranla əməkdaşlığının kökündə iqtisadi məsələlər çoxluq təşkil etsə də, bir sıra siyasi nüanslar da mövcuddur. Belə ki, İran Gürcüstana çıxış əldə etmək istəyir. Bu məqamda İran bunu həm Ermənistan, həm də Azərbaycan vasitəsilə edə bilər. Əgər biz İranla əməkdaşlıqdan imtina etsək, İran Ermənistanla əməkdaşlıq etməklə Gürcüstan və Qara Dənizə çıxış əldə edəcək. Bu isə heç bir formada bizim maraqlarımıza uyğun gəlmir. Yəni bununla Ermənistan inkişaf etmiş olacaq. Digər tərəfdən İran Azərbaycanın hesabına Azərbaycanla sərhəd olan bölgələrini inkişaf etdirmək istəyir. Çünki İranda bu bölgələrin inkişafı xeyli geri qalıb. Bir sözlə hər iki tərəf bu əlaqələrin inkişafında maraqlıdır”.

Politoloq İran-Azərbaycan münasibətlərindəki bu dönüşü manatın dəyərdən düşməsi ilə heç bir formada əlaqələndirmədi:

“Bəzi media orqanlarında yer alan bu fikir, tamamilə, yanlış yanaşmadır. Həsən Ruhani 2013-cü ildə İranın prezidenti seçildi. O gündən Azərbaycanla İran arasında münasibətlər inkişaf etməkdədir. Yəni İran-Azərbaycan münasibətlərindəki mövcud yaxınlaşma manatın devalivasiyasından xeyli əvvələ təsadüf edir. Şahin Mustafayevin hazırda İranda səfərdə olması baş formada anlaşılmamalıdır. Bir sözlə, səfərin manatın devalivasiya uğradığı dövrə təsadüf etməsi cəmiyyətdə çaşqınlıq yaratmamalıdır. Nəzərə almaq lazımdır ki, bu, Şahin Mustafayevin İrana üçüncü səfəridir. O, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycanlı həmsədridir”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1675