DİM imtahan nəticələrini açıqladı


21:02     20 Fevral 2021

Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul, xarici dillər və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Femida.az-a verilən məlumata görə, mərkəz tərəfindən fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, fevralın 15-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib.

İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb.

Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.
İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib.

Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.

Qeyd edək ki, namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı (və ya vizual məlumatın təsviri) isə maksimum 10 balla qiymətləndirilir.

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 1 mart 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək.

Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 22-24 fevral tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 476