Sulutəpədə yol qovşağının inşası başa çatmaq üzrədir


12:03     22 Fevral 2021 2021/02/1613980472647_bIMJUf2b_1613980684.jpeg

Sulutəpə ərazisində yeni yol qovşağının tikintisi başa çatmaq üzrədir.


Femida.az-ın məlumatına görə bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov "2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr"ə həsr olunmuş brifinqdə çıxış edərək deyib.

Onun sözlərinə görə, qovşaq 2 yol ötürücüsündən ibarətdir (4 aşırımlı 128 m və 3 aşırımlı 96 m, yol ötürücülərinin eni 9 m-dir).

"Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə və əksinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr aradan qaldıracaq", - S. Məmmədov qeyd edib.

Bununla yanaşı, respublika rəhbərliyinin tapşırığına uyğun olaraq, cari ildə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhədində Samur və Xanoba keçid məntəqələri arasında uzunluğu 24,5 km olan birinci texniki dərəcəli avtomobil yolunun tikintisi işləri də sürətlə davam etdirilir.

Hesabat dövrü ərzində ümumilikdə Dövlət Agentliyi tərəfindən 120 694 ton bitum və 15 229 ton mazut istifadə edilib, 2 mln. ton asfalt-beton istehsal olunub.

S. Məmmədovun sözlərinə görə, ölkənin şimal və şimali qərb istiqamətindən Bakı şəhərinin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artan intensiv hərəkətini nizamlamaq və bu istiqamətdə və əksinə baş verən tıxac problemini qismən həll etmək məqsədilə, Bakı-Sumqayıt yolunun "20 Yanvar" tunelindən Masazır körpüsünədək olan hissəsində yolun genişləndirilməsi işləri cari ilin iyun ayında başa çatdırılmışdır. Bu işlərdən ən önəmlisi, Xırdalan dairəsindəki mövcud tunelin yenidən qurularaq hər iki istiqamətdə 4 hərəkət zolaqlı olmaqla 8 hərəkət zolaqlı tunel və 4 hərəkət zolaqlı yan yollardan ibarət yol qovşağının yaradılması işləridir.

"Yeni tikilən tunellərdən sonra, dayaqları yolun hərəkət hissəsinə düşən dəmir yolu körpüsü də sökülərək, yeni bir aşırımlı metal körpünün tikilməsi, bu ərazidə hərəkətin sıxlığını aradan qaldırılıb", - S. Məmmədov əlavə edib.

Açar sözlər:

Oxunub: 232