Nardaran hadisələrinə görə daha bir nəfər tutulub


19:18     23 Dekabr 2015 2fff0e0a496db97029892fcda4007ac0.jpg

Nardaranda baş verən silahlı insidentlə bağlı daha bir nəfər tutulub.


Femida.az xəbər verir ki, Cəbrayıl rayon sakini Bəhramov Nahid Nəsib oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, hazırda Bakı İstintaq təcridxanasında saxlanılır.

Məlumata görə, N. Bəhramov Taleh Bağırovun tərəfdaşlarından olub. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində onun Taleh Bağırovla bir neçə dəfə telefon əlaqəsi yaratdığı ortaya çıxıb. Lakin N. Bəhramov Nardaranda baş vermiş hadisələr zamanı orada olmayıb. Bundan əlavə, N. Bəhramov 2012-ci ildə Bakıda Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq!” aksiyasında da iştirak edib və həmin vaxt həbs edilənlər sırasında olub.

O, Cinayət Məcəlləsinin 214.2.1-ci (Terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və digər maddələrinə əsasən təqsirləndirilir.

Qeyd edək ki, noyabrın 26-da Bakının Naradaran qəsəbəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.

Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Nəticədə polisə müqavimət göstərən 4 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hadisə nəticəsində 2 polis əməkdaşı həlak olub.

Taleh Bağırov başda olmaqla, dəstənin 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 973