Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi bərpa olunur


16:55     22 Fevral 2021 21_02_22_1613990166.jpg

Şuşada erməni vandalizminə məruz qalmış Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpasına başlanılıb.

Bu barədə Azvision.az -a açıqlamasında Şuşa şəhər mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov bildirib.

Onun sözlərinə görə, məqbərənin təmiri iyul ayına qədər başa çatdırılacaq: “İyul ayında Vaqif poeziya günlərinin yenidən keçirilməsi nəzərdə tutulub. Buna görə də məqbərənin bərpa edilməsi ilə bağlı qızğın işlər gedir”.

Şöbə müdiri qeyd edib ki, Şuşada olan 378 tarixi memarlıq abidəsindən 52-si qismən, digərləri tamamilə dağıdılıb.

“Üzeyir Hacıbəyovun və Xan Şuşinskinin evlərinin ancaq bünövrəsi qalıb. Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun və Mir Mövsüm Nəvvabın evini düzəngaha çeviriblər. Xan qızı Natəvanın mülkindən ancaq divar salamat qalıb”.



Xatırladaq ki, Şuşa şəhərində erməni vandalizminə məruz qalan abidələrdən biri XVIII əsrdə yaşamış Azərbaycan şairi və ictimai-siyasi xadim, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir. Kompleksin tikintisinə 1977-ci ildə başlanılıb və dörd il davam edib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin açılışı olub.

Şuşa şəhərinin məşhur yerində - Cıdır düzünə yaxın bir ərazidə böyük şairin məzarı üstündə inşa edilən məqbərə dördkünc quruluşa malikdir və mərmərlə bəzədilmişdi. Burada Vaqifin Şuşa həyatını əks etdirən dövrə aid səksənə yaxın eksponat sərgilənirdi. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 257


Oxşar xəbərlər