Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir


21:24     23 Fevral 2021 2021/02/16140-1614099945_1614101121.jpg

Fevralın 23-də Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə İordaniya Haşimilər Krallığı Senatının sabiq sədri Tahir əl-Masri, ölkənin siyasi xadimləri və tanınmış elm adamları arasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans formatında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a bildirilib ki, Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun rəhbəri Anar İsgəndərov ölkələrimizin tarixi keçmişindən söz açıb. Diplomatik əlaqələr qurduğumuz dövlət müstəqilliyi illərində münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini söyləyib. 2013-cü il iyunun 19-da Xocalı soyqırımını rəsmən tanıyan Haşimilər Krallığının Senatına dərin minnətdarlığımızı bildirib. 44 gün ərzində öz torpaqlarını işğaldan azad edən Azərbaycanın İordaniya xalqı tərəfindən daim dəstək gördüyünü vurğulayıb. Bundan sonra da İordaniya ilə dostluq və əməkdaşlığı ən yüksək səviyyəyə çatdıracağımızı bildirib.

Videokonfransda çıxış edən Haşimilər Krallığı Senatının sabiq sədri, ölkənin sabiq Baş naziri və xarici işlər naziri kimi mühüm postlarda çalışmış olan tanınmış siyasətçi Tahir əl-Masri deyib: “Azərbaycanla İordaniya arasında siyasi əməkdaşlıq yüksək səviyyədədir. Dəfələrlə Bakıda olduğunu, beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirak etdiyini bildirən Tahir əl-Masri vurğulayıb ki, Sovetlər İttifaqından ayrılan Azərbaycan sürətlə inkişaf edib və regionun nüfuzlu dövlətinə çevrilib. Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər bütün İslam aləmi üçün böyük əhəmiyyət daşıyır. Həmin Qələbədən sonra dünyanın bir çox ölkələrinin Azərbaycanla həmrəylik ifadə etdiyinə şahid olduq. Azərbaycan özünün ən ağrılı problemini həll edib, torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edib. Bu, çox böyük uğurdur”.

Görüşdə Yaxın Şərq Araşdırmalar Mərkəzinin baş direktoru doktor Cavad əl-Həməd 44 günlük müharibə dövründə baş verənləri bütün informasiya mənbələrindən anbaan izlədiklərini, Azərbaycanın qazandığı tarixi Qələbəyə dünyadakı bir milyard yarım müsəlman icmasının sevindiyini deyib. O, çətin şəraitdə özünün ərazi bütövlüyünü bərpa edən Azərbaycana qardaş Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyi də yüksək qiymətləndirdiklərini bildirib. İordaniya ilə Azərbaycan arasında mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsini vacib sayıb.

Görüşdə çıxış edən İordaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Məlahət İbrahimqızı, Fazil Mustafa və Ceyhun Məmmədov İslam həmrəyliyini inkişaf etdirməyin vacibliyini vurğulayıblar. Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması istiqamətində İslam dövlətlərinin də mühüm işlər görə biləcəyini qeyd edərək iordaniyalı həmkarlarına çağırış ediblər. Parlamentlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə dair bir sıra təkliflər irəli sürüblər.

Videokonfrans çıxış edən Yarmuk Universitetinin professoru və Arxeologiya fakültəsinin dekanı doktor Həni Həyəcineh, Əl-İsra Universitetinin Beynəlxalq əlaqələr üzrə rektor köməkçisi xanım Ğeyda Əbu Rummən, İordaniya Universitetinin professoru doktor Zeydun əş-Şəraa, Yarmuk Universiteti Siyasi elmlər fakültəsinin professoru doktor Əymən Həyəcineh, Azərbaycana həsr olunmuş iki kitabın müəllifi olan tarixçi Ömər əl-Armuti erməni təcavüzünü qətiyyətlə pisləyiblər. Xocalı soyqırımının insanlığa sığmayan vəhşilik olduğunu, günahkarların cəzalandırılması vacibliyini qeyd ediblər.

İordaniya təmsilçiləri ölkəmizin beynəlxalq miqyasda atdığı siyasi addımları dəstəklədiklərini bildiriblər. Ölkəmizlə çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulmasını arzuladıqlarını qeyd ediblər. Zəfər münasibətilə xalqımıza və dövlətimizə, müzəffər Ali Baş Komandan İlham Əliyevə təbriklərini çatdırıblar. Azərbaycanın möhtəşəm Qələbəsinin region üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Videokonfransda Azərbaycanın İordaniyadakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bəşəriyyətə qarşı işlənmiş ən qanlı cinayətlərdən olan Xocalı soyqırımı barədə geniş məlumat verib. Azərbaycanda bu istiqamətdə dövlət səviyyəsində görülən işlərdən, “Xocalıya ədalət!” kampaniyasından söhbət açıb. Xocalı soyqırımının İordaniya xalqına daha geniş səpkidə çatdırılması, müsəlman aləmində, həmçinin dünya miqyasında tanıdılması və ədalətli hüquqi-siyasi qiymətini alması üçün İordaniya ziyalılarını və siyasətçilərini dəstək verməyə çağırıb.

Görüşdə Muta Universitetinin Hərbi elmlər fakültəsinin professoru doktor Məhhəmd əl-Xəvaldeh, Balqa Universitetinin Siyasi elmlər fakültəsinin professoru doktor Nəbil əl-Atum və digər şəxslər iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 278


Oxşar xəbərlər