Peyvənd olunan deputatdan vətəndaşlara çağırış


13:51     25 Fevral 2021 2021/02/Ceyhu-1614240332_1614246726.jpg

“Artıq birinci doza vaksinasiya olundum, özümü normal hiss edirəm. Peyvəndlənmə prosesinin müəyyən olunmuş qaydalara uyğun uğurla davam etdirilməsinin şahidi oldum”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Milli Məclis rəhbərliyi əməkdaşlar üçün şərait yaradıb ki, hər kəs rahat şəkildə peyvənd oluna bilsin:

“Hesab edirəm ki, ümumilikdə vətəndaşlarımız könüllülük prinsipi əsasında təşkil olunan bu prosesdə aktiv olmalıdırlar. Əgər biz tezliklə bu bəladan xilas olmaq istəyiriksə, peyvəndlənmədən yayınmamalıyıq. Ümumiyyətlə, bir ildir yalnız Azərbaycan deyil, bütün dünya infeksiyanın yaratdığı fəsadlardan ciddi əziyyət çəkir. Qapanmalar oldu, bir sıra sahələrə uzunmüddətli məhdudiyyətlər qoyuldu, iqtisadiyyat, sosial məsələlər və insanların yaşam tərzi xeyli dəyişdi. Ona görə də, bu proseslərə hər bir vətəndaşımız aktiv şəkildə qatılmalıdır. Azərbaycan yanvar ayından peyvəndlənmə işlərinə start verdi və təqdir olunası haldır ki, hazırda ölkəmizdə bu proses surətlə davam etdirilir. Ayrı-ayrı strukturların əməkdaşları, risk qrupuna daxil olan insanların peyvəndlənmə prosesinə cəlb olunmaları müsbət haldır”.

Vətəndaşları vaksinasiyada aktiv olmağa dəvət edən deputat peyvəndin ilkin dozasından sonra heç bir yan təsirin müşahidə edilmədiyini vurğulayıb: “Bəzən cəmiyyətdə bu məsələlər ətrafında müzakirələrin aparılmasının şahidi oluruq. Bəzən isə yanlış təbliğatları görürük. Hesab edirəm ki, heç bir əsası olmayan bu cür şayiə və antitəbliğatlara diqqət ayırmamalı və insanlarımız sağlamlıqlarının, yaxın ətraflarının qorunması və ümumilikdə infeksiyanın aradan qalxması üçün başladılan prosesdə aktiv olmalıdırlar. Mən özüm də müəyyən müşahidələr aparmışam və böyük əksəriyyətin peyvənd olunmasından sonra özünü normal hiss etdiyinin şahidi olmuşam Ona görə də, çəkinmədən hər bir vətəndaşın prosesə qoşulması tövsiyə olunur. Dövlətimizin, xalqımızın gələcək təhlükələrdən uzaq olması baxımından aktiv vaksinasiya hazırda xüsusi əhəmiyyət daşıyır”.

Açar sözlər:

Oxunub: 250