Sumqayıtda 15 qazi yüksək texnologiyalı protezlə təmin edilib


12:44     03 Mart 2021 2021/03/15581-1614760328_1614761111.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində postmüharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib.

Azvision.az xəbər verir ki, bunu Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva deyib. O bildirib ki, burada qazilərin yüksək texnologiyalı protezlə təminatına başlanılıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib.

"Müharibədə yaralanmış hərbçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisədə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Onlara sosial-psixoloji xidmətlər də göstərilir. Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir", - deyə P.Hacıyeva vurğulayıb.

Qeyd edək ki, 2019-2020-ci illərdə Yevlax və Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu günlərdə isə Şağan Reabilitasiya Pansionatı istifadəyə verilib. Cari ildə Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin açılması planlaşdırılıb. Nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 616