Milli Məclisdə həkimlərlə görüş keçirilib


14:53     13 Mart 2021 2021/03/16156-1615631016_1615632971.jpg

Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş həkimlərlə görüşüb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a bildirilib ki, qonaqları salamlayan vitse-spiker Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsindən danışıb, bu tarixi Qələbənin tariximizin ən şanlı səhifələrindən biri olduğunu bildirib.

Döyüş meydanında qazanılmış Qələbənin dövlətimizin başçısı tərəfindən diplomatik müstəvidə də uğurla davam etdirilməsinə toxunan Adil Əliyev nəticədə Ağdam, Kəlbəcər, Laçın və digər şəhər və rayonlarımızın bir güllə belə atılmadan geri alınmasını diplomatiyamızın çox böyük uğuru adlandırıb. Qeyd edib ki, Vətən müharibəsində “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan xalqının arxa cəbhədə, igidlərimizin isə ön cəbhədə şücaəti ölkəmizin gücünü bütün dünyaya bir daha göstərib.

2020-ci ildə həkimlərimizin pandemiya xəstəxanalarında, sonra isə müharibə zamanı fəaliyyətindən danışan vitse-spiker onların fədakarlığını yüksək qiymətləndirib. Bildirib ki, həkimlərimizin gərgin əməyi nəticəsində bir çox yaralı hərbçimiz həyata qaytarılıb, bir sıra hərbçilərimizin müalicəsi isə davam etdirilir. Adil Əliyev göstərdikləri fədakarlığa və vətənpərvərliyə görə həkimlərə bir daha təşəkkürünü bildirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Görüşdə iştirak edən həkimlər torpaqlarımızın düşmən işğalından azad edilməsindən qürur duyduqlarını və yaralanmış hərbi qulluqçularımıza xidmət göstərməyin onların vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıblar. Sonda Vətən müharibəsində xidmət etmiş həkimlərə Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanları təqdim olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 421