Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul imtahanları başa çatıb


19:16     14 Mart 2021 21_03_14_1615734997.jpg


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirilib.


DİM-dən Trend-ə bildirilib ki, imtahanlar Bakı (Yasamal, Binəqədi, Xətai, Xəzər, Suraxanı, Sabunçu, Qaradağ rayonlarında), Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şirvan, Salyan və Lənkəran şəhərlərində təşkil olunub. Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanlar saat 12:00-da başlayıb və 90 dəqiqə ərzində aparılıb. İmtahanda şagirdlərə Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 30 sual olmaqla, ümumilikdə 60 qapalı tipli tapşırıq təqdim edilib. İmtahan nəticələrinin sabah günün ikinci yarısında DİM-in saytı vasitəsilə elan olunması nəzərdə tutulur.

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi Məktəbə qəbul olunacaqlar.

Femida.az

Açar sözlər:

Oxunub: 377