35 minə yaxın məcburi köçkün qayıdışla bağlı sorğuda iştirak edib


15:02     16 Mart 2021 susadan%20qacirlar%20ermeniler.jpg

Keçmiş məcburi köçkünlər arasında aparılan onlayn sorğuda bu günə qədər 35 minə yaxın insan iştirak edib.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitunun elmi işlər üzrə direktor müavini, ADA Universitetində yaradılmış tədqiqat qrupunun üzvü Allahyar Muradov deyib.

Onun sözlərinə görə, Qarabağa qayıdışla bağlı onlayn sorğu aprelin sonuna qədər davam edəcək.

“Onlayn sorğu ilə bağlı yaradılan sayta 250 mindən çox insan daxil olub. Sorğunun nəticələri təhlil ediləcək. Martın 9-dan keçmiş məcburi köçkünlərlə tədqiqatçılarımız üzbəüz sorğular keçirir. Təxminən 1100 nəfər arasında sorğunun keçirilməsi gözlənilir. Artıq bir çox ailələrdə sorğu keçirilib, detallı məlumatlar toplanılır. Həmin ailələrin əksəriyyəti öz yurdlarına qayıtmaq istəyirlər. İşğaldan azad edilmiş torpaqlarda təhlükəsizliyin və minimal yaşayışın təmin ediləcəyi günü səbirsizliklə gözləyirlər. Məlumatlar tam təhlil edilməyib. Martın sonunda ikinci sorğu bitəcək və cavablar təhlil ediləcək”.

A.Muradov bildirib ki, aprelin sonunda onlayn sorğunun nəticələri təhlil olunduqdan sonra məcburi köçkünlərin cavabları ictimaiyyətə açıqlanacaq.

“Qaçqınların və Məcburi Kpçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ölkəmizdə 617 min məcburi köçkün insan, 159 min ailə var. Bu ailələrin hər biri ilə üzbəüz sorğu götürülməsi mümkün olmur. Onların müəyyən qismi ilə üzbəüz sorğu keçirilir və bunun nəticələri hər kəsi əhatə edir. Amma çalışırıq ki, onlayn sorğuya daha çox insan cəlb olunsun. Suallar çox rahatdır və nə qədər çox insan iştirak edərsə, nəticələrin dəqiqliyinə bir o qədər təsir edəcək”.



Femida.az

Açar sözlər:

Oxunub: 483