ÜST Azərbaycanın bəzi xəstəxanalarında araşdırma aparıb


18:30     18 Mart 2021 21_03_18_1616078866.jpg

COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycana davamlı texniki dəstəyin tərkib hissəsi kimi Avropa İttifaqı (Aİ) və ÜST-nin birgə layihəsi bir sıra xəstəxanalarda İPN tədbirlərinin qiymətləndirilməsini aparıb.

Femida.az xəbər verir ki, bu barədə ÜST-nin Azərbaycan nümayəndəliyi məlumat yayıb.

Qeyd olunub ki, Avropa İttifaqının maliyyələşdirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün tərkib hissəsi kimi baş tutan qiymətləndirmə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə təşkil edilib.

Qiymətləndirmə missiyası ölkənin müxtəlif bölgələrindəki on xəstəxana, o cümlədən Bakıda iki, Şamaxıda bir və münaqişədən zərər çəkmiş ərazilər kimi Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında yerləşən yeddi xəstəxananı əhatə edib. Missiya üzvləri qeyd edilən tibb müəssisələrində xəstələrin skrininq və triajı, reanimasiya, doğum, sterilizasiya və cərrahiyyə şöbələri, eləcə də tibbi tullantıların idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsini həyata keçirilib. Münaqişədən zərər çəkmiş rayonlardakı xəstəxanaların direktorları ilə İPN tədbirlərilə bağlı ehtiyacların qarşılanmasında ən effektiv dəstək yolları müzakirə edilib və bu ərazilərdə çalışan 100-dək səhiyyə işçisinə qiymətləndirmə zamanı müəyyən edilimiş prioritet istiqamətlər üzrə təlim keçilib.


Qiymətləndirmə missiyası Səhiyyə Nazirliyi və TƏBİB nümayəndələri və ÜST ekspertlərinin iştirakı ilə 10-11 mart tarixlərində Bakıda keçirilən iki günlük seminarla başa çatıb. Seminarda ölkənin İPN-ə dair texniki sənədləri müzakirə edilib və ÜST ekspertlərinin bu səhədəki tövsiyələri təqdim edilib. Missiyanın və müzakirələrin nəticəsi olaraq İPN sahəsində ölkəyə dəstəyinin davam etdirilməsi, o cümlədən tibb müəssisələrinin maarifləndirici posterlərlə təmin edilməsi, xəstəxanalarda əl sanitariyası punktlarının yaradılması, ÜST-nin İPN-ə dair texniki sənədlərinin Azərbaycan dilinə tərcüməsi və yayılması və yerli səhiyyə işçiləri üçün vebinarlar silsiləsinin keçirilməsi qərarlaşdırılıb.

Açar sözlər:

Oxunub: 296