Dövlət İdarəçilik Akademiyası ilə Vəkillər Kollegiyası arasında Memorandum imzalanıb


10:01     19 Mart 2021 21_03_19_1616133858.jpg


Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb.

İmza mərasimindən əvvəl qonaqlar Heydər Əliyevin DİA-dakı büstünü ziyarət ediblər. Memorandumu Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov imzalayıblar.

Memorandum kadr potensialının gücləndirilməsi məqsədilə yüksəkixtisaslı kadrların hazırlanması, dövlət qulluğu sistemində çalışan gənc kadrların ixtisasının artırılması üzrə ixtisasartırma kurslarının təşkili, hüquq sahəsində təhsil alan gənc kadrların könüllülük proqramlarında iştirakını, onların praktik təcrübə əldə etmələrini dəstəkləmək istiqamətində əməkdaşlıq və digər məsələləri əhatə edir.

İmzalanma mərasimində çıxış edən rektor Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının nailiyyətləri və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi davamlı inkişafın uğurlu nəticələri, inklüziv cəmiyyətin formalaşması sahəsində görülən işlərin müsbət nəticələrini qeyd edib. Rektor ölkəmizdə nadir idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşdırılması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafına diqqət çəkib. U.Ələkbərov vurğulayıb ki, ölkəmizin qısa müddətdə iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə qazandığı yüksək nailiyyətlər, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Son 44 günlük müharibə və ölkənin zəfəri bunu bir daha nümayiş etdirdi.

Sonra Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov təqdimatla çıxış edərək bildirib ki, ölkəmizdə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsinə xüsusi diqqət ayıran qabaqcıl aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi olan Dövlət İdarəçilik Akademiyası ilə birgə əməkdaşlıq önəmli addımlardan biridir.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov vəkillik institutunun tarixinə ekskurs edərək müqayisəli təhlil aparmış, Azərbaycanda müasir vəkilliyin dünya ölkələrinin vəkillik qurumları ilə müqaisədə əhəmiyyətli müsbət dəyişikliyə məruz qaldığını bildirmiş, bu dəyişikliyin ölkə rəhbəri tərəfindən müəyyən edilmiş hədəflərə uyğun olaraq həyata keçirildiyini vurqulamışdır.

Anlaşma Memorandumu haqqında danışan sədr burada əsas məqsəd hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, magistrların, doktorantların Vəkillər Kollegiyasının struktur bölmələrində və Vəkil bürolarında təcrübə keçmələri, DİA-nın Hüquq kafedrasının metodik materiallarına, elmi əsərlərə, Vəkillər Kollegiyası tərəfindən hazırlanmış vəsaitlərə DİA-nın Hüquq kafedrası əməkdaşları tarəfindən rəylərin, tövsiyələrin verilməsi, hüquq tədbiqi fəaliyyətdə daha çox rast gəlinən problemlərin həlli məqsədi ilə birgə elmi-praktiki araşdırmaların aparılması, Vəkillər Kollegiyasının üzvlərinin DİA-da hüquqşünasların hazırlığı prosesində iştirak edilməsi və sair məsələlər nəzərdə tutulmuşdur.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb. DİA-nın kitabxanasına hüquq sahəsi ilə bağlı bir sıra kitablar hədiyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 3904