Müdafiə Nazirliyindən Aqil Abbasın fikirlərinə MÜNASİBƏT


17:16     02 Aprel 2021 21_04_02_1617368882.jpg


Müdafiə Nazirliyi Milli Məclisin deputatı Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.


Nazirlikdən Femida.az-a daxil olan məlumatda deyilir:

“Milli Məclisin üzvü, millət vəkili Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti barədə səsləndirdiyi subyektiv və əsassız fikirlər təəssüf hissi doğurur. Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı, hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır.

Bildiririk ki, yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır.

Qeyd edək ki, millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə ictimaiyyətə öz razılığını ifadə edib.

Deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında, düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir.

Aqil Abbas
Aqil Abbas
Aqil müəllimin diqqətinə çatdırırıq ki, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb.

Yəqin, deputatımız məlumatsızdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq hərbi tibb müəssisələrinə baş çəkir, oradakı şərait və müalicə alan hərbi qulluqçularımızın səhhəti ilə maraqlanır, tibbi təminatın daha da keyfiyyətli həyata keçirilməsi ilə bağlı göstərişlər verir. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir.

O ki, qaldı yaralılara əlillik dərəcəsinin verilməsi məsələsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir”.

Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Aqil Abbas deyib ki, “Kəndə getmək mümkün deyil. Müharibə iştirakçısı gəlir ki, bax, bu mənim hərbi biletim, onun möhürü, hərbi hissənin nömrəsi və s. Ancaq mənə veteran adı verilməyib”.

“Onlar veteranlara verilən 80 manatı da istəmirlər. Sadəcə onlara bu adın verilməsini istəyirlər. Hazırda veteran adının verilməsi ilə bağlı komissiya yaradılıb. Həmin komissiya bu şəxslərin də müraciətinə baxmalıdır”, - deputat bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 510