Bakıda şok olay – “Təcili yardım” xəstəyə kömək etmədi


16:58     26 Dekabr 2015 12435778_1510654682564094_374958469_n.jpg

Sirkə turşusu içmiş uşağa təcili tibbi yardım stansiyasının işçiləri yardım etmədi.


Femida.az-a müraciət daxil olub. Müraciətdə vətəndaş təcili tibbi yardım işçilərinin biganəliyindən şikayətlənir. Vətəndaş bildirir ki, təcili yardımın işçiləri onun sirkə turşusu içmiş azyaşlı övladına kömək etməyib.

Daxil olmuş həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik:

“Nəzərinizə çatdırım ki, mən Bakı şəhərində yaşayıram. 23.12.2015-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq Massivi 18-də yaşayan qardaşımın evinə qonaq getmişdik. Təxminən saat 21:00 radələrində 09.04.2013-cü il təvəllüdlü oğlum Həmidov Mirəli soyuducunun qapısını açaraq oradan şüşədə olan sirkə turşusunu su bilib içən zaman əlindən aldım. uşaq az da olsa sirkə turşusundan içmişdi. Ağzı yandığından uşaq ağlayırdı. Mən dərhal Abşeron rayon təcili yardım stansiyasının (012) 342-28-11 nömrəli qaynar xəttinə müraciət etdim. Oradan bildirdilər ki, biz sirkə turşusu içən xəstələrə tibbi yardım göstərmirik. Mən onlardan uşağın vəziyyətini nəzərə alıb, dərhal təcili yardım göndərmələrini xahiş etsəm də, heç bir nəticəsi olmadı. Sonda onlardan şikayət edəcəyimi bildirəndə isə, “hara istəyirsən get, şikayət et” dedilər.Bundan sonra mən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurdum, lakin oradan ümumiyyətlə dəstəyi qaldıran olmadı. Bu həkimlərin bu cür səhlənkarlığının qaşısının alınması və işinə məsuliyyətsiz yanaşmalarına son qoyulması məqsədilə bu məsələni işıqlandırmağınızı sizdən xahiş edirəm”.

Femida.azməsələyə aydınlıq gətirmək üçün Abşeron rayon təcili yardım stansiyasının qaynar xətti ilə əlaqə saxladı. Təcili yardım stansiyasının İradə Səfərova adlı işçisi bildirdi ki, belə bir halın baş verməsi mümkün deyil:

“Sirkə turşusu ilə zəhərlənmə halı olduqda dərhal həmin xəstəyə yardım edilir. Bu, kifayət qədər ciddi zəhərlənmədir. Siz dediyiniz ünvana həkim göndərilib, lakin ev sahibi ilə əlaqə saxlamaq mümkün olmayıb. Ev sahibinin mobil nömrəsinə dəfələrlə zəng etsək də, o, telefonu götürmədi ”.

Lakin xəstənin valideyni bu fikri təkzib etdi. O, bildirdi ki, təcili yardım stansiyasından onun mobil telefonuna heç bir zəng gəlməyib:

“Təcili yardım stansiyasından mənə zəng gəlməyib. Açıq-aşkar dedilər ki, belə xəstələr üçün təcili yardım briqadası gəlmir. Əgər istəsələr, onların telefon danışıqlarının çıxarlılmasına qədər razıyam”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa cəhd etsək də, bu mümkün olmadı.

Femida.az məsələni gündəmdə saxlayacaq.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 11504