Dövlət qulluğunda işləmək istəyənlərin NƏZƏRİNƏ!


09:23     08 Aprel 2021 21_04_08_1617862290.jpg


Dövlət İmtahan Mərkəzi aprelin 11-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün Bakı və Gəncə şəhərlərində test imtahanları keçirəcək.

DİM-dən Femida.az-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi"ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır) gətirməlidirlər.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 5, Gəncədə isə 1 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 411, BB qrupu üzrə 960 olmaqla, ümumilikdə 1 371 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 130 nəzarətçi‑müəllim, 12 buraxılış rejimi əməkdaşı ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 271