Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib


17:28     08 Aprel 2021 2021/04/Capture_1617888659.jpg

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda iclası keçirilib.


Femida.az xəbər verir ki, komitənin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdəki birinci məsələ - Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Qanun layihəsi barədə məlumat verib.

Komitə sədri qanun layihəsinin 3-cü maddəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dair irəli sürülən dəyişikliklərə baxılacağını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51 və 115-ci maddələrində nəzərdə tutulan dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edəcək icra hakimiyyəti orqanının dəqiqləşdirilməsinə xidmət edir.

Vurğulanıb ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi baxımından layihədə “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilməsi təklif olunub. Eyni dəqiqləşdirmənin məcəllənin 166-cı maddəsində doğumun qeydə alınması qaydasında da tətbiq edildiyi bildirilib.

Komitə qanun layihəsini Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edib.

Sonra komitə sədri gündəliyin ikinci məsələsi - “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında” , “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında” , “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” , “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verərkən də bildirib ki, bu sənədin də məhz 11-ci maddəsində nəzərdə tutulan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna ediləcək dəyişikliklər komitənin müzakirəsinə çıxarılıb. Bildirilib ki, bu dəyişikliklər də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi zərurətindən yaranıb.

İclasda çıxış edən komitə sədrinin müavini Jalə Əliyeva, komitə üzvləri - Rəşad Mahmudov, Sədaqət Vəliyeva qanun layihəsi barədə fikirlərini bildiriblər. Müzakirələrdən sonra deputatlar qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.

Açar sözlər:

Oxunub: 217