Hadrut - Cəbrayıl - Şükürbəyli avtomobil yolunun inşası başlayıb - Fotolar


15:47     09 Aprel 2021 21_04_09_1617967059.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hadrut - Cəbrayıl - Şükürbəyli avtomobil yolunun inşasına başlayıb.


Femida.az quruma istinadən xəbər verir ki, yeni yol başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul - Mincivan - Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir.



Onun uzunluğu 43 kilometrdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Hadrut - Cəbrayıl - Şükürbəyli avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Artıq yol boyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Agentliyin “13 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət “Körpü-Bina-Tikinti” MMC birgə icra edir. Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 26,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsinə təmin etmək məqsədi ilə 45 dairəvi boru və 25 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 7 yeni avtomobil körpüsünün inşası da planlaşdırılır. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.



Yeni Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobill yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Ölkə prezidentinin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.



Femida.az

Açar sözlər: #Hadrut   #avtomobil   #yol  

Oxunub: 571