Tovuzda sabiq məhkəmə sədrini öldürən iş adamına hökm oxunub


17:17     15 Aprel 2021 2021/04/28fe5989-c657-3355-83dd-18cc3c61757c_1618492700.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzda hüquqşünas Firudin Ələkbərlini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Əli Şəmiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Femida.az xəbər verir ki, hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

Hökmə əsasən, Ə.Şəmiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayında baş verib.

Rayon sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu 1963-cü il təvəllüdlü həmyerlisi Ələkbərov Firudin Muxtar oğlunu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub, daha sonra hüquqşünas kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olub.

İttihama görə, iş adamı Ə.Şəmiyevin şəriki ilə arasındakı 40 min manat borc mübahisəsi ilə bağlı məhkəmə çəkişmələrində F.Ələkbərli qarşı tərəfin nümayəndəsi olub.

Ə.Şəmiyev ifadəsində bildirib ki, F.Ələkbərli işi məhkəmədə uduzduğu üçün onu təhdid edib, müxtəlif formada hədələyərək puldan imtina etməyə məcbur etmək istəyib. Son görüşdə F.Ələkbərli tərəfindən təhqirə məruz qaldığı üçün silaha əl atdığını deyən Ə.Şəmiyev könüllü şəkildə polisə təslim olub.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 1188