Azərbaycanda hamilə qadınlara bu dərmanlar pulsuz veriləcək


17:45     15 Aprel 2021 21_04_15_1618496287.jpg


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54 000 qutu həb ianə edilib.

Agentlikdən Femida.az-a verilən məlumata görə, UNICEF tərəfindən ianə edilmiş Çin Xalq Respublikasının istehsalı olan preparatların Bakıda “İpək Yolu” gömrük terminalında təhvil-təslimi keçirilib.

Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.

“Hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Fol turşusunun defisiti dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur”, - UNICEF-in nümayəndəsi T.Cəmilova bildirib.

R.Abdullayev ianəyə görə Agentliyin rəhbərliyi adından təşəkkürünü bildirib. R.Abdullayev qeyd edib ki, UNICEF-in tövsiyəsinə uyğun olaraq, ianə edilən preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanılacaq: “Qısa zamanda hamiləliyin birinci trimestrində olan qadınlar TƏBİB-in nəzdindəki tibb müəssisələrinə müraciət edib preparatları pulsuz əldə edə biləcəklər. Bu təminat uşaqlar arasında əlilliyin qarşısının alınmasına, ana və körpə ölümü riskinin azaldılmasına öz töhfəsini verəcək. Gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədi ilə bu preparatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Sözügedən qərar ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğunu göstərir”.

Qeyd edək ki, Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1130