Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib


08:33     21 Aprel 2021 2021/02/kons_esas_1612787070.jpg


Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Ü.Şükürovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Novruzovun mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.

İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Femida.az

Açar sözlər: #Konstitusiya   #Məhkəmə  

Oxunub: 1236