Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə


18:12     23 Aprel 2021 21_04_23_1619186118.jpg

Sabirabad rayonunda COVID-19 virusuna yoluxan xəstənin qohumundan rüşvət alan şöbə müdiri saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1280