Ermənilər Kəlbəcərdə mülki əhalini kütləvi şəkildə qətlə yetirib - TƏFƏRRÜATLAR


16:43     26 Aprel 2021 21_04_26_1619445296.jpg


Əvvəllər məlumat verildiyi kimi, 1993-cü ilin aprel ayında Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalinin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyi şəxslərin cəsədlərinin basdırıldığı yerlərin müəyyən edilməsi faktları üzrə Baş prokurorluq tərəfindən cinayət işi başlanaraq intensiv istintaq hərəkətləri davam etdirilir.

Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının digər rayonları ilə yanaşı 1993-cü ilin aprel ayının əvvələrində Ermənistan Silahlı Qüvvələri hərbi təcavüzlə Kəlbəcər rayonunu işğal edərkən həmin rayonun Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdiriblər.



İstintaq materiallarına əsasən işğaldan əvvəl 259 fərdi yaşayış evi, 1 orta məktəb, 1 uşaq bağçası, 1 xəstəxanası olan Başlıbel kəndi Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olmaqla əhalisinin sayı 1996 nəfər olmuş, 3232 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə Dəlidağın ətəyində rayon mərkəzindən 64 km məsafədə yerləşib.

Müəyyən edilib ki, 3 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət etmiş və tamamilə yandırmışlar.Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 km aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınmışdır. 62 nəfərdən 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olublar.



Törətdiyi vəhşiliklə kifayətlənməyən Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış ünsürləri öz azğınlıqlarını davam etdirərək 18 aprel 1993-cü il tarixdə silahsız mülki şəxslərin öz doğma kəndlərində qayalara sığındığı yerləri axtararaq aşkar etmiş, həmin gün saat 15-dən 21 radələrinədək köməksiz vəziyyətdə qalmış mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlamışlar.Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər (1 nəfər 12 yaşlı uşaq, 1 nəfər 16 yaşlı yeniyetmə, o cümlədən 6 qadın, 6 kişi olmaqla) – 63 yaşlı Səmədov Yaqub İsa oğlu, 54 yaşlı Əhmədova Büsat Əliş qızı, 12 yaşlı Əhmədova Zövqiyyə Binnət qızı, 60 yaşlı Əmralıyev Məhəmməd Abış oğlu, 29 yaşlı Əmralıyev Surxay Məhəmməd oğlu, 21 yaşlı Əmralıyev Çingiz Məhəmməd oğlu, 16 yaşlı Əmralıyeva Aygün Məhəmməd qızı, 67 yaşlı Həsənova Çiçək Mikayıl qızı, 68 yaşlı Cəfərova Gülara Cəfər qızı, 95 yaşlı Cəfərova Gülgəz Qədim qızı, 22 yaşlı Abdullayev Vüqar İsa oğlu və 52 yaşlı Əsgərov Əhliman Əvəz oğlu sığındıqları yerdə qəsdən öldürülüb.

Hücum nəticəsində 14 nəfər (3 nəfər 2, 13 və 15 yaşlı uşaqlar, o cümlədən 10 qadın, 4 kişi) - 93 yaşlı Babayeva Kubra Qədim qızı, 23 yaşlı Əmralıyeva Arzu Binnət qızı, 56 yaşlı Əhmədov Binnət Əbdüləli oğlu, 13 yaşlı Əhmədov Niyyət Binnət oğlu, 15 yaşlı Əhmədova Şərqiyyə Binnət qızı, 56 yaşlı Əmralıyeva Zibeydə Abış qızı, 67 yaşlı Həsənova Leyli Əli qızı, 58 yaşlı Həsənova Mərmər Cavad qızı, 63 yaşlı Həsənova Şamama Hüseyn qızı, 36 yaşlı Həsənova Zeynəb Mahmud qızı, 63 yaşlı Qasımova Tutu Alı qızı, 2 yaşlı Məhəmmədov Hökmdar Surxay oğlu, 73 yaşlı Yusifova Şamama Ağa qızı və 65 yaşlı Mənsimov Hüseyn İbrahim oğlu girov götürülmüşdür.Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat etmişlər.



İstintaq materialları ilə həmçinin müəyyən edilmişdir ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7 nəfəri də, mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib.

Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq 12 may 1993-cü ildə gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

19 aprel 1993-cü ildən sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər şəxs- 21 yaşlı Əhmədova Sevil Binnət qızı, 55 yaşlı Əhmədov Hümmət Əbdüləli oğlu, 45 yaşlı Ələsgərov Ələkbər Ələsgər oğlu, 36 yaşlı Ələsgərova Sərmayə Sadıq qızı, 16 yaşlı Ələsgərov Habil Ələkbər oğlu, 14 yaşlı Ələsgərov Rüstəm Ələkbər oğlu, 12 yaşlı Ələsgərova Samirə Ələkbər qızı, 9 yaşlı Ələsgərova Tacirə Ələkbər qızı, 33 yaşlı Əmralıyev Xasay Məhəmməd oğlu, 31 yaşlı Əmralıyeva Nərgiz Mənsim qızı, 6 yaşlı Əmralıyev Elmdar Xasay oğlu, 4 yaşlı Əmralıyev Şəhriyar Xasay oğlu, 27 yaşlı Əzizov Elşad Həsən oğlu, 25 yaşlı Əzizov İsmət Hüseyn oğlu, 23 yaşlı Cəfərov Mahir Məhyəddin oğlu, 58 yaşlı Qədimov Qədim Muxtar oğlu, 32 yaşlı Həsənov Qəzənfər Mahmud oğlu, 38 yaşlı Həsənov Yahya Mahmud oğlu, 25 yaşlı Əsgərova Həcər Əhliman qızı, 23 yaşlı Əsgərova Laləzər Əhliman qızı, 15 yaşlı Əsgərov Vəkil Əhliman oğlu, 23 yaşlı Abbasov Cəllət Ağaverdi oğlu, 19 yaşlı Mehdiyev Səlim Yusifəli oğlu, 22 yaşlı Abbasquluyev Məzahir Talıb oğlu, 23 yaşlı Abbasov Ədalət Ərzuman oğlu, 25 yaşlı Abdullayev Müzahim Məhərrəm oğlu, 23 yaşlı Əhmədov Xəlil Süleyman oğlu, 22 yaşlı Əsgərov Müşfiq Gülbaba oğlu və 23 yaşlı Muradov Füzuli Əkrəm oğlu 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək 1993-cü ilin iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər.



Baş Prokurorluğunun İstintaq idarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən 24 aprel 2021-ci il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək 50 sm dərinlikdə torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib.

Bundan başqa, istintaq hərəkəti zamanı cinayət hadisəsinin baş verdiyi yerdə mülki şəxslərin gizləndiyi mağaralarda aşkar edilmiş müxtəlif məişət əşyaları, mülki şəxslərin qəsdən öldürülməsini sübut edən giliz və güllələr cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən qablaşdırlaraq rəsmiləşdirilib. Başlıbel kəndinə dron vasitəsilə keçirilmiş baxış zamanı həmçinin kənd ərazisində işğaldan əvvəl mövcud olmuş bütün yaşayış evlərinin, inzibati binaların, infrastrukturun tamamilə bünövrəsinə kimi dağıdıldığı aşkar edilib.

Zərərçəkmişlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən DNT-nin(dezoksiribonuklerin turşusu) təyini məqsədilə nümunlər götürülərək molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizalar təyin edilmişdir.Hazırda hadisənin sağ qalmış şahidlərinin müəyyən edilməsi, onların dindirilməsi və iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində digər zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən Ermənistanın keçən əsrin 90-ci illərindən başlayaraq Azərbaycan vətəndaşlarına qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlərin araşdırlması və təqsirkar şəxslərin müəyyən edilərək milli və beynəlxalq məhkəmə məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.



Femida.az

Açar sözlər:

Oxunub: 327