Azərbaycanda 1 000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir


16:20     27 Aprel 2021 2021/04/f80709fb-063b-3147-ab73-35e4f87eed7b_850_1619526486.jpg

Moskvada Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli birgə iclası keçirilib.

Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, kənd təsərrüfatı, tekstil, bank, qida, loqistika və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın şirkətin nümayəndələri iştirak edib.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkələr arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda 1 000-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. İkitərəfli əlaqələrin əsas istiqamətlərindən biri qarşılıqlı ticarətdir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Rusiyada Azərbaycanın ticarət nümayəndəliyinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və hər iki ölkə şirkətlərinin iştirakı ilə Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq sərgilər, birgə layihələrin icrası belə tədbirlərdəndir.

Azərbaycanın Rusiya ilə ticarət və investisiya sahələrində əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran E. Əliyev biznes təşəbbüslərinin stimullaşdırılmasında, işgüzar dairələr arasında əməkdaşlığın inkişafında və yeni tərəfdaşlığın qurulmasında Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının rolunu qeyd edib.

Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. Dmitri Volvaç ikitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolunu qeyd edərək, onları fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas starteji və iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın iş adamları arasında əlaqələrin, işgüzar dairələr və dövlət qurumları arasında dialoqun genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində fəaliyyəti barədə məlumat verib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları Azərbaycan və Rusiyanın biznes və investisiya mühiti barədə çıxış edib, iqtisadi tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 1281