Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsi başlayır


17:58     30 Aprel 2021 1414572607_mehkeme-cenubnews.jpg

Bakıda qanunsuz torpaq satışı ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Türkan qəsəbə sakinləri - Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Aparılan istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edil'n Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, Mehman Ağayev, Zəfər Abdulov və Eldar Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Təqsirləndirilən R. Babayev və Ç. Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, Mehman Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edilməlidir ki, axtarışa elan edilən Mehman Ağayev və Qərib Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

Xatırladaq ki, D. Nəsirov Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur.

Açar sözlər:

Oxunub: 273