Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib


19:45     12 May 2021 2021/05/sabina_aliyeva_020820_1620834449.jpg

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçeletə məktubla müraciət edib.

Ombudsman Aparatından Femida.az-a verilən məlumata görə, Ombudsman məktubda Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonu və digər ərazilərində Ermənistan ordusu tərəfindən işğal dövründə basdırılmış minaların insanların həyat və sağlamlığına ciddi təhlükə yaratması ilə bağlı narahatlığını bildirib. Həmin ərazilərdə pərakəndə şəkildə yüz minlərlə mina basdırıldığı və cavabdeh ölkə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinin regionda vəziyyəti gərginləşdirdiyi, sülhə və birgəyaşayışa təhlükə yaratdığı nəzərə çatdırılıb.

Qeyd olunub ki, Ombudsman mövcud vəziyyətlə bağlı dəfələrlə beynəlxalq insan hüquqları təşkilatları qarşısında məsələ qaldırıb. 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulduğunu qeyd edən Ombudsman Ermənistan siyasi rəhbərliyinin beynəlxalq hüquq qarşısındakı öhdəliklərini dərk etməli və insan hüquqlarına hörmətlə yanaşmalı olduğunu vurğulayıb.

Sonda Ombudsman Səbinə Əliyeva bir daha dərin narahatlığını Komissarın diqqətinə çatdıraraq, minalanmış ərazilərin xəritəsinin verilməsində əməkdaşlıq etməsi üçün Ermənistan tərəfinə çağırış olunmasını xahiş edib.

Açar sözlər:

Oxunub: 538