Azərbaycanlı cüdoçu ABŞ çempionu oldu


17:59     16 May 2021 21_05_16_1621173503.jpg

Azərbaycanlı cüdoçu Zaur Cəlil Nevada ştatının Reno şəhərində keçirilən ABŞ çempionatının qalibi olub.

“Report”un yerli bürosu xəbər verir ki, usta cüdoçular arasında 73 kq çəki dərəcəsində çıxış edən idmançını ABŞ Cüdo Federasiyası qızıl medal və sertifikatla təltif edib.

500-dən çox tatami ustasının iştirak etdiyi yarışda Cəlil birincilik kürsüsünə Azərbaycan bayrağı ilə çıxıb. O, ABŞ-da cüdo yarışlarına qatılan yeganə azərbaycanlı olaraq öz çəkisində üçüncü dəfə ABŞ çempionu olub.

"Report"a açıqlama verən Cəlil 2006-cı ildə ABŞ-a gəldiyini və Minnesota ştatının Minneapolis şəhərində yaşadığını bildirib. O, iştirakçısı olduğu beynəlxalq yarışlarda 100-dək medal və kubokla təltif olunduğunu xatırladıb: “Sumqayıt şəhərində anadan olmuşam, 6 yaşından cüdonu öyrənməyə başlamışam. Sonralar qaydasız döyüş və güləşlə də məşğul oldum. Azərbaycanda şəhər və respublika cempionatlarına qatılmışam və bir çox mükafatım var. ABŞ-a gəldikdən sonra isə Nyu-York şəhərində keçirilən cüdo yarışına qatıldım və 60 kq çəkidə ştat çempionu oldum. Daha sonra Roçester şəhərində yüksək nəticə göstərərək ilk qızıl medalımı qazandım.Yaşadığım Minnesota ştatının ardıcıl olaraq 14 dəfə ştat çempionu adını qazanmışam və ABŞ-da keçirilən qaydasız döyüş üzrə bir çox beynəlxalq yarışda birincilik əldə etmişəm”.

Açar sözlər:

Oxunub: 1068