Həkim yanlış diaqnoza görə məsuliyyət daşıyırmı?


19:24     29 Dekabr 2015 yanlis%20hekim%20diaqnozu.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.


Günümüzün ən aktual problemlərindən biri həkimlərin xəstələrə yanlış diaqnoz qoymaları ilə bağlıdır. Yanlış diaqnozlar bir çox hallarda ağır nəticələrə gətirib çıxarır. Bu zaman isə vətəndaşa ciddi maddi-mənəvi zərər dəymiş olur.

Bəs həkimlər xəstəyə qoyduqları yanlış diaqnoza görə hansı məsuliyyətə cəlb olunur?

Hüquqşünas Məhərrəməli Həmidov sualı aşağıdakı kimi cavablandırdı:

“Yalnış diaqnozun qoyulması, əks müalicənin getməsi xəstənin həyatının və sağlamlığının itirilməsinə səbəb ola bilər. Bunun üçün həkim ilk öncə diqqətli olmalı və zəruri addımlar atmalıdır. Çünki belə halların baş verməsi həkimin səhlənkarlığından və yaxud savadsızlığından irəli gəlir. Zəruri addımlar dedikdə həkim düzgün diaqnozun qoyulmasında bəzi məqamları aydınlaşdırmaq üçün, məsləhətçi mütəxəssislərin köməyindən istifadə edə bilər. Peşə vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməməsinə görə müalicə həkimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir”.


Hüquqşünas bildirdi ki, “Hippokrat andı”içmiş həkim bu andı pozduğuna görə məsuliyyətə cəlb olunur:

“Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində qeyd olunduğu kimi, Azərbaycan Respublikasının ali tibb təhsili müəssisələrini bitirmiş və həkim diplomu almış şəxslər “Hippokrat andı” içirlər. Həkim andını pozan həkimlər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 57-ci maddəsinə görə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Bu Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yalnış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 5849