ANS bağlana bilər - Parlamentdə müzakirə


19:46     29 Dekabr 2015 trend_parliament_azerbaijan_190515.jpg

Milli Məclsin payız sessiyasının bu gün keçirilən son plenar iclasında "Kütləvi informasiya vasitələri haqqında" Qanununda dəyişiklik edilməsi müzakirə edilib.


Femida.az-ın məlumatına görə, bildilib ki, dəyişikliyə əsasən Kütləvi İnformasiya Vasitələrinin istehsalı və yayımı yalnız təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” qanunda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər.

Deputat Qüdrət Həsənquliyev dəyişikliyin ANS televiziyasının bağlanmasına gətib çıxaracağını bildirib:

“Hər gün Milli Televiziya və Radio Şurasının ANS-i cərimələməsi ilə bağlı xəbərlər oxuyuruq. Əgər belə olarsa, onda onalar ANS-i bağlayacaqlar. Heç olmasa, müvafiq dövlət orqanları məsələyə müdaxilə etsin və normal əməkdaşlıq mühiti yaradılsın. Düşünürəm ki, bu dəyişikliyin edilməsi tezdir və sui-istifadə hallarına yol açacaq. ANS ilk özəl televiziyamızdır və bu gün biz onlara ögey münasibət görürük.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, qanun layihəsi qəbul olsa, o zaman məhkəmənin işinə ehtiyac olmayacaq:

“Belə olanda məhkəmə hakimiyyəti icra orqanı ilə bölüşdürülür. Buna diqqət edilməlidir. Heç olmasa, hansısa qurumun qərarı ilə televiziyanın fəaliyyəti 3 gün dayandırıla bilsin və sonra məhkəməyə müraciət edərək də nəyə görə bağlanması barədə əsaslandırılsın. Bu olmasa, müəyyən icra qurumu məhkəmə funskiyasını mənimsəyəcək. Bu, problemdən çıxış yolu deyil. Bunun yolu məhkəmədən keçir”.

Deputat Əflatun Amaşov qeyd edib ki, Televiziya və radio yayımı haqqında qanunda nəzərdə tutulur ki, MTRŞ hər hansı televiziyanı bağlaya bilər:

“Artıq Azərbaycanda televiziya və radio yayımı haqqında müvafiq qanun var. Televiziya strateji bir sahədir. Azərbaycanın bütün regionlarında televiziyalar yayımlanır. Ola bilər ki, hər-hansı televiziya ölkə əleyhinə müəyyən çağırışlar edir. Bunun üçün müvafiq məhkləmə var və məhkəmənin qərarı olmalıdır. Hesab edirəm ki, bu qanunla bağlı oxşar təcrübə bir çox dövlətlərdə var. Mən də bu qanuna dəyişikliklərə səs verəcəm”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə bildirib ki, Parlamentdə Azərbaycan dövlətinin qarşısına qoyduğu hədəflər, tutduğu yol, yürütdüyü siyasət və beynəlxalq standartlara uyğun şəkildə qanunların qəbul edilməsi üçün müzakirələr aparılır. O bildirib ki, Milli Məclisdə hansısa məsələlərin konkret şəxslər arasında münasibətlərin üzərinə yönəldilməsi yalnız lazımsız söz-söhbətin yaranmasına gətirib çxarır:

“Parlament üzvləri olaraq müzakirələrdə bunu nəzərə almalıyıq. Bu qanun layihəsində yeni səlahiyyət verilməsindən, kiminsə səlahiyyətinin mənimsənilməsindən söhbət getmir. Burada qəbul olunmuş qanunun müddəalarının uyğunlaşdırılmasından söhbət gedir. Həmkarlarımızdan xahiş edirəm ki, çıxşlarında belə məsələlərə yol verməsinlər, cəmiyyətdə lazımsız müzakirələrə yol açmasınlar. Azərbaycan cəmiyyətində KİV və onların sərbəst faəliyyəti sahəsində ciddi nailiyyətlər əldə edilib. Dövlətin özünün marağındadır ki, bu nailiyyətlərdən bir addım da geri çəkilməsin. Bu nailiyyətlərdən sui-istifadənin qarşsını almaq üçün də məsuliyyətlər var. Sözügedən qanun layihəsində məhz həmin məsuliyyətin artırılmasından söhbət gedir. Hesab edirəm ki, məsələləri məhz qanun yaradıcılığı müstəvisinə keçirməli, onlara hüquqi təfəkkürdən yanaşmalıyıq”.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Açar sözlər:

Oxunub: 1004