DİN: Tovuz sakininin polis şöbəsində öldürülməsi iddiaları əsassızdır
11:51 30 May 2021
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Yaşar Ramazanovun polis şöbəsində döyülərək öldürülməsilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a bildirib ki, əvvəllər eyni əmələ görə məhkum olunmuş şəxs həbsdən çıxdıqdan sonra rayonda narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olub.
Mayın 14-də Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Y.Ramazanov saxlanılaraq istintaqa təhvil verilib. Saxlanılan zaman dövriyyəsi qanunla qadağan olunan, şəxsi istehlak miqdarından artıq, eləcə da digər şəxsə gizlətmək üçün verdiyi külli miqdarda narkotik vasitələr maddi sübut kimi aşkar olunaraq götürülüb.
Əmələ görə onun barəsində Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) başlayan cinayət işi üzrə məhkəmə tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Mayın 24-də səhər saatlarında istintaq təcridxanasında yıxılaraq qəfil halı pisləşən şəxs dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona intensiv tibbi müalicə göstərilməsinə baxmayaraq, Y.Ramazanov 4 gün sonra xəstəxanada beyinə qansızma ilə müşayiət olunan beyindaxili təzyiq diaqnozu ilə ölüb.
İstintaq prosesinin gedişində onun sağlamlıq vəziyyəti yoxlanılarkən bir sıra ağır xəstəliklərinin – qaraciyər sirrozu və hepatit C olması müəyyən edilib. Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq, onun istintaq olunması qanunvericiliyə uyğun olaraq aparılıb, heç bir halda Y.Ramazanova fiziki təzyiq göstərilməyib.
Ölüm faktı ilə əlaqədar rayonun hüquq-mühafizə orqanları tərəfindən müvafiq tibbi ekspertizalar təyin edilməklə meyit müayinədən keçirilib. Ölüm faktında hər hansı kənar fiziki müdaxilə faktı aşkar olunmayıb, bədənində olan xəsarətlər isə xəstəliyin əlamətlərindən yaranan fəsadlar və onun istintaq təcridxanasında yıxılması nəticəsində yaranıb.
Hazırda müvafiq araşdırmalar davam etdirilir.
Oxunub: 1344
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"