DİQQƏT! Bu ölkə Azərbaycanla sərhədi açdı


09:11     01 İyun 2021 21_06_01_1622522828.jpg

Gürcüstan bu gündən Azərbaycanla quru sərhədlərini açıb.



Femida.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının mayın 25-də qəbul etdiyi qərarına əsasən, ölkənin quru sərhədləri iyunun 1-dən etibarən açılır.

Yeni qaydalara görə bu gündən etibarən xarici ölkə vətəndaşları son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ nəticəsini göstərən sənəd və yeni növ koronavirus əleyhinə tam vaksinasiya barəsində arayış təqdim edərək Gürcüstana quru sərhədləri ilə daxil ola biləcəklər.

Vaksinasiya olunmamış xarici ölkə vətəndaşları isə Gürcüstana daxil olduqdan sonrakı 72 saat ərzində növbəti dəfə öz hesablarına PZR analizi verməli olacaqlar. Test cavabı neqativ çıxan turistlərə ölkə ərazisində sərbəst hərəkət icazəsi veriləcək.

Gürcüstanın Azərbaycandakı səfirliyinin məlumatına əsasən, bu gündən etibarən Azərbaycanda olan Gürcüstan vətəndaşları ölkələrinə rahat şəkildə qayıda biləcəklər. Səfirlik öz vətəndaşlarına Gürcüstanda izolyasiyaya alınmamaları üçün gömrük keçid məntəqəsində son 72 saat ərzində əldə edilmiş PZR analizinin neqativ cavabını təqdim etmələrini tövsiyə edib.

Azərbaycana daxil olmaq istəyən Gürcüstan vətəndaşları üçün əvvəlki rejim Azərbaycan Gürcüstanla sərhədlərini açanadək qüvvədə qalacaq.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədləri yeni növ koronavirus pandemiyası səbəbi ilə ötən ilin martında bağlanılıb.

Açar sözlər:

Oxunub: 258